"Qarabağ"ın futbolçusu Qara Qarayev Çempionlar Liqasında Lüksemburqun "Düdelanj" klubuna 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra brifinq keçirib. Yarımmüdafiəçi Sportnet.az-ın matçda olan əməkdaşının suallarını da cavablandırıb.
- İlk oyunda qalib gəlmək çətin olmadı...
- Ola bilsin ki, nəticə baxımından kimsə elə düşünsün. Ancaq gördünüyünüz kimi xüsusilə də ikinci hissədə rəqib tam qapandı. Nəticədə biz heç nə edə bilmədik. Bu da belə düşünməyə əsas verir ki, ikinci oyun çox çətin keçəcək. Ev oyununda bəzi çatışmazlıqlarımız var idi. Öz adımdan danışıram, bir neçə çatışmazlığım var və bunu tədricən aradan qaldıracağıq. Ancaq bu şəkildə oynayaraq daha yaxşı olmaq mümkündür. Səfər matçına yaxşı hazırlaşacağıq. Düşünürəm ki, nə bizdə, nə azarkeşlərdə, nə də siz mətbuat nümayəndələrində arxayınçılıq olmamalıdı ki, artıq turu keçmişik. Belə fikirlər bizə ziyan vura bilər. Evdə sərfəli nəticə qazanmağımıza baxmayaraq, bir həftə sonra çətin olacaq.
- İkinci hissədə rəqib futbolçular çox kobud oynayırdılar və bunu bilərəkdən edirdilər. Onlara meydanda hər hansı bir etirazlar olurdumu?
- Biz bunu bilirdik. Oyundan əvvəl "Düdelanj"ı təhlil edəndə görmüşdük ki, çox sərt oynayan, rəqibə rahat davranmağa imkan verməyən və hətta kobudluğa belə gedən komandadır. Biz də mümkün qədər səbri olmalıyıq, rəqibin təxribatlarına gedib vərəqə almamalıyıq.
- Bu oyunda sən də daxil olmaqla 3 oyunçu sarı vərəqə aldı. Bu amil gələcək oyunlarda necə təsir edəcək?
- Məndə sarı vərəqə əks hücum zamanı oldu. Rəqibin hücumunun qarşısını nə yolla olur-olsun almalı idim. Səhv elədiyimi düşünmürəm. Ancaq bunu bəlkə vərəqəsiz də edə bilərdim. Deməli, daha diqqətli olmalıyıq.
- Səncə, "Qarabağ”ın hücumçuya ehtiyacı var?
- Bu barədə futbolçu kimi mənim danışmağım düz olmaz. Ancaq baş məşqçimiz də, mətbuat katibimiz də dəfələrlə açıqlamalarında bildiriblər ki, transfer olmaq naminə kimisə almaq istəmirik. Əgər lazım olan oyunçu olsa, təbii ki, hərəkət edəcəklər.
- "Qarabağ”ın bu mövsümkü hədəfi Çempionlar Liqasında qrup mərhələsinə çıxış etməkdir. Necə düşünürsən, bugünkü oyunla hara kimi getmək olar?
- Bugünkü oyunu nümunə gətirib, nəsə demək olmaz. Əgər səhvlərimizi düzəldib, yaxşı nəticə qazansaq, Çempionlar Liqasının qrupda oynaya bilərik. Ancaq hə rhalda, yeni transfer yeni güc də gətirər.