"Qarabağ"ın braziliyalı futbolçusu Riçard Almeyda avrokuboklarda 7-ci qoluna imza atıb. Sportnet.az-ın məlumatına görə, bu, Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubuna evdə 2:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi dubl sayəsindı olub.
Bununla da 27 yaşlı yarımmüdafiəçi kapitanı Rəşad Sadıqovu arxada qoyub. 34 yaşlı müdafiəçinin avrokuboklarda hesabında 5 qol var.
Almeyda eyni zamanda keçmiş komanda yoldaşı Vüqar Nadirovla "Neftçi"nin afrikalı sabiq legioneri Julius Vobayı keçib. Onlar da Sadıqov kimi hərəyə 5 dəfə fərqləniblər. Riçard qol sayında "Qarabağ"da birgə oynadığı digər yarımmüdafiəçi Əfran İsmayılovla "İnter"in gürcü sabiq hücumçusu Baçana Sxadadzeni da keçib. Onlar isə hərəyə 6 dəfə fərqləniblər.
Klublarımızın heyətində avrokuboklarda bombardir də elə Almeydanın komanda yoldaşı, həmyerlisidir. Bu, hücumçu Reynaldo Silvadır. O, 5-ci ildir çıxış etdiyi "Qarabağ"ın heyətində avrokuboklarda 9 qol vurub. Reynaldo qitəmiqyaslı turnirlərdə ümumilikdə 10 dəfə fərqlənib. Onun ilk qolu Belçikada legioner həyatı yaşaıdğı "Serkl Brügge"nin heyətində olub.
Bunadək Silvanın ən yaxın izləyicisi isə Rəşad Sadiqov idi. "Qəbələ"nin kapitanının hesabında 7 qol var. Ancaq 33 yaşlı yarımmüdafiəçi bunları hazırkı klubunda yox, "Qarabağ" və "Neftçi"də reallaşdırıb. Sadiqova çatan Almeyda həmyerlisinin ən yaxın izləyicilərindən olub.
Qeyd edək ki, Almeyda ÇL-də nəinki ilk dəfə dubl edib, qol hesabını açıb. Bu, eyni zamanda Ağdam klubunun Avropanın ən nüfuzlu klub turnirində ilk dublu kimi tarixə düşüb.