"MTK-nın oyunlarını izləyib, rəqib komandanı yaxşı təhlil etmişik. Bu komanda çox yaxşı təşkil olunub. Bizi çətin oyun gözləyir".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Nika Kvekveskiri Macarıstanda MTK ilə oyundan öncə "qırmızı-qaralar"ın rəsmi saytına açıqlamasında deyib.
Gürcüstanlı yarımmüdafiəçi bildirib ki, MTK Avropa üslubunda güc futbolu oynayır: "Rəqibin güclü hücum xətti var. Qarşılaşmada maksimum mübarizə aparıb, səfərdən yaxşı nəticə ilə qayıtmağa çalışacağıq. Oyunöncəsi komandada əhval-ruhiyyə də yaxşıdır. Son görüşdə "Samtredia”ya uduzsaq da, ilk mərhələni arxada qoymuşuq. İndi yalnız MTK ilə matçı düşünürük. Meydana çıxıb sübut edəcəyik ki, "Samtredia” ilə ilk matçda göstərdiyimiz gücdəyik”.
Kvekvskirinin fikrincə, matçın səfərdə keçirilməsi böyük əhəmiyyət kəsb etmir: "Çətinliklər istənilən matçda - həm ev, həm səfərdə ola bilər. Əsas qələbə üçün bacarığından maksimum istifadə etməkdir. "Samtredia” ilə səfər matçında oyunumuz alınmamışdı. Bunu Macarıstanda təkrarlamamalıyıq. "Qəbələ”nin heyətində kifayət qədər təcrübəli futbolçular olduğundan, bizim üçün səfərdə oynamaq problem yaratmayacaq”.
Qeyd edək ki, bu gün keçiriləcək MTK - "Qəbələ" matçı saat 22:30-da başlanacaq.