
"Mənə elə gəlir ki siz də mənimlə razı olarsız, bu gün 90 dəqiqə çətin oyun oldu. "Kəpəz"i alqışlayıram. Sevinirəm ki, 90 dəqiqə sonunda turu keçən komandam oldu". Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, bu fikirləri "Kəpəz"i Avropa Liqasında mübarizədən kənarlaşdıran Avstriyanın "Admira" klubunun baş məşqçisi Oliver Lederer deyib. O, bu gün 2:0 hesabı ilə qalib gəldikləri səfər matçından sonra keçirilən mətbuat konfransında həm komandamız, həm də azərbaycalılar haqda xoş sözlər bildirib: "Kəpəz" 1 həftə bundan qabaqkı taktikayla oyuna çıxmışdı. Matçın sonunda rəqib çoxsaylı hücumlar hücumlar təşkil etdi. Komanda ən çox müdafiədə oynadı və ona görə də xüsusilə fərqlənən futbolçu olmadı. Hücumda isə Da Silva digər oyunçulardan fərqlənirdi. Növbəti rəqibimiz "Slovan" Avropada keçən il mübarizə aparıb. Qrup mərhələsində Avroliqayla vidalaşmışdı. Rəqibin gücü bəllidir. Biz isə diqqətimizi Avstriya çempionatındakı oyuna yönəldirik. Buradan xoş əhval-ruhiyyədən ayrılırıq və hər şeyə görə çox sağ olun".