Azərbaycan klubları avrokuboklarda 2016/17 mövsümündə ilk dəfə qırmızı vərəqə alıb. Sportnet.az-ın məlumatına görə, bu, "Neftçi"nin makedoniyalı müdafiəçi Vanço Şikovla reallaşıb.
Milli komandanın təcrübəli oyunçusu Avropa Liqasının II təsnifat mərhələsində həmyerliləri - Makedoniyanın "Şkendiya" klubu ilə səfərdə 0:1 hesabı ilə uduzduqları matçın 72-ci dəqiqəsində 2-ci sarı vərəqəni alaraq meydanı tərk edib. Şikov ilk "sarı"nı da ikinci hissədə - 49-cu dəqiqədə alıb.
"Neftçi"nin ötən il də Avropa Liqasında mübarizəni keçmiş Yuqoslaviyada qırmızı vərəqə alaraq dayandırması diqqət çəkir. Özü də onda 2 futbolçu birdən - ehtiyat qapçı Maksim Vaylo ilə braziliyalı müdafiəçi Aylton da Silva belə aqibətlə üzləşmişdi. Onlar Çernoqoriyanın "Mladost" klubu ilə səfərdəki cavab matçının uzatma dəqiqələrində meydanda düşən insidentdə iştirak etdiklərindən UEFA tərəfindən ağır cəzalandırılmış, nəticədə budəfəki təsnifat mərhələsi oyunlarından kənarda qalmışdılar. Ancaq Şikov 2 sarı vərəqəyə görə meydandan çıxarıldığından cəzası 1 oyunluq olacaq. Deməli, bu legioner gələn yay avrokuboklarda iştirak edərsə, ilk matçı buraxmaq məcburiyyətində qalacaq.