"Qarabağ"ın makedoniyalı futbolçusu Muarem Muarem avrokuboklarda cari mövsümdə qol hesabını açıb. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi bunu Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda cavab oyununun 28-ci dəqiqəsində reallaşdırıb.
Bununla da Muarem ÇL-də də qol hesabını açıb. Çünki legioner bunadək Avropa Liqasında fərqənib.
Muaremin ilk tarixi qolu 2014-cü ilin avqustun 28-də turnirin pley-off mərhələsində Hollandiyanın "Tvente" klubu ilə səfərdəki təkrar matçda olub. Sol cinah yarımmüdafiəçisi 51-ci dəqiqəsində tarazlığı bərpa edib və həmin 1:1 hesabı mərhələ keçməyə bəs edib. Çünki Bakıda qolsuz bərabərlik qeydə alınıb və "Qarabağ" səfər qolu sayəsində ilk dəfə olaraq qrupa düşüb.
Muaremin 2-ci qolu da qrupda olub və yenə səfər matçına təsadüf edib. Bu, oktyabrın 23-də keçirilən III tur matçında - Ukraynanın "Dnepr" klubu ilə Kiyevdəki görüşün 21-ci dqəqiəsində olub. "Qarabağ"ın qrupda ilk qolu eyni zamanda ilk qələbəni gətirib. Bundan 2 il öncə "Neftçi" Avropa Liqaısndq qrupda qalib gəlmədiyindən (hər 3 xal heç-heçəylə olub), bu, Azərbaycan klubunun qrupda ilk qələbəsi kimi tarixə düşüb.
Tarixi qolların müəllifi olan Muarem bu dəfə ölkəmizə ilk dəfə ÇL-də pley-offa vəsiqə qazandırmağa yaxın olsa da, çexlərin sona 5 dəqiqə qalmış vurduğu bərabərlik qolu planları pozub.