"Qarabağ"ın Çempionlar Liqasında (ÇL) evdə "quru seriya" ilə bağlı rekordu qırılıb. Sportnet.az-ın məlumatına görə, Ağdam klubunun bosniyalı qapıçısı İbrahim Şehiç turnirdə 2 ildən sonra öz meydanında qol buraxıb. Onun müəllifi III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə cavab oyununda Mikael Krmençik olub. Matçın 63-cü dəqiqəsində meydana daxil olan hücumçu 85-ci dəqiqədə fərqlənib.
Qurban Qurbanovun komandası ardıcıl 3-cü mövsümdür çıxış etdiyi ÇL-də evdə ilk və son qolunu 2014-cü ilin iyulun 30-da II təsnifat mərhələsində Avstriyanın "Zalsburq" klubuna 2:1 hesabı ilə qalib gəldiyi matçda buraxmışdı. Həmin qola 77-ci dəqiqədə rəqibin hücumçusu Jonatan Soriano imza atmışdı.
Şehiç bundan sonra ÇL-də ötən mövsüm "Rudar" (Çernoqoriya, 0:0) və "Seltik"lə (Şotlandiya, 0:0), bu il isə "Düdelanj"la (Lüksemburq, 2:0) oyunlarda qapısının toxunulmazlığını qoruya bilmişdi. Təcrübəli qapıçının Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda "quru seriya"sı 368 dəqiqə davam edib.
Qeyd edək ki, "Qarabağ" son 2 mövsümdə qrupa düşdüyü Avropa Liqasının pley-off mərhələsinin ev oyunlarında da qol buraxmayıb. Bu, Hollandiyanın "Tvente" ilə qolsuz bərabərliklə nəticələnən və İsveçrənin "Yanq Boyz" klubuna 3:0 hesabı ilə qalib gəldiyi matçlarda olub.
Mehman Süleymanov
Yazı AFFA yanına Media Komitəsinin dəstəyi ilə hazırlanıb