
"Qarabağ" üçün avrokuboklarda tarixi uğur qazandıran 0:0 və 1:1 nəticələri bu dəfə əleyhinə işləyib. Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası bu dəfə mərhələ oyunlarında evdə buraxılan qolun əziyyətini çəkib.
Halbuki, Ağdam təmsilçisi 2014-cü ildə evdə 0:0, səfərdə 1:1 hesablı heç-heçə ilə Avropa Liqasının qrupuna düşmüşdü. Ancaq bu dəfə "Qarabağ"ın rəqibi - Çexiyanın "Viktoriya" klubu həmin nəticə ilə cütün qalibi olub. Öz meydanında qolsuz heç-heçə edən Plzen təmsilçisi Bakıda 1:1 hesablı heç-heçə ilə məqsədinə çatıb.
Qurban Qurbanovun komandası 2011-ci ilin iyulunda Avropa Liqasının II təsnifat mərhələsində Farer adalarının "Streymur" klubu ilə oyunlarda da səfərdə 1:1, evdə 0:0 hesablı heç-heçə ilə mərhələ keçmişdi.
Klublarımızdan indiyədək avrokuboklarda "Xəzər Lənkəran" "Qarabağ"ın uğursuz aqibətini yaşayıb. Bu, 2010-ci ilin iyulunda Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Olimpiya" klubu ilə matçlarda olub. Kişinyovda qolsuz bərabərliyə qalan Ağasəlim Mircavadovun komandası Lənkəranda 1:1 hesablı heç-heçeə etdiyinə görə mübarizədən kənarda qalıb.