"Qəbələ" klubunun prezidenti Tale Heydərov Avropa Liqasının III təsnifat mərhələsində Fransanın "Lill" komandası üzərində 1:0 hesablı qələbə qazanaraq, "pley-off"a yüksəldikləri cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az xəbər verir ki, T.Heydərov əvvəlcə qələbə təəssüratlarını bölüşüb...
- Oyun çox gözəl keçdi. Aydın məsələdir ki, "Lill" kimi komandanı üstələmək çox çətin idi. Mənim üçün və eləcə də əminəm ki, hamı üçün çox həyəcanlı gün idi. Ona görə də çox şadam ki, bu mərhələni keçdik.
- Hər iki oyunda komandadan belə mübarizə gözləyirdiniz?
- Səfərdəki 1:1 hesablı nəticə çox əlverişli idi. Lakin "Lill" də qələbəyə köklənmişdi. Mərhələni keçmək üçün əllərindən gələni etməli idilər. Ən güclü oyunçularını heyətə daxil etmişdilər. Amma bu gün, belə deyək, "Qəbələ" ilə bacarmadılar.
- Növbəti mərhələdə yeni transferlər gözlənilir?
- Bir hücumçu axtarışındayıq. Ümid edirəm ki, bu yaxınlarda tapacağıq.
- "Lill" kimi güclü komandanı keçmisinizsə, artıq bütün rəqiblərə qarşı oynaya biləcəyinizi demək olar?
- Xeyr, bunu qətiyyən demək olmaz. Çünki "pley-off"a çatmış komandalar öz güclərini göstəriblər. Mən deyərdim ki, "pley-off"da bundan asan olmayacaq. Ona görə də komandamız istirahətdən sonra növbəti qələbələrə, oyunlara köklənməlidir.
- Fransadan azarkeşlərə çağırış etmişdiniz. Bugünkü dəstəkdən razı qaldınız?
- Fürsətdən istifadə edərək, ilk növbədə jurnalistlərə təşəkkür edirəm ki, həqiqətən böyük iş gördülər, bütün azarkeşləri stadiona dəvət etdilər. Real şəkildə birlik göstərdilər. Eyni zamanda azarkeşlərin rolu çox böyük oldu. Həqiqətən də bu gün 12-ci oyunçu bizim azarkeşlər idi. Onlara da "çox sağ olun" deyirəm.
- Bu mövsüm "Qəbələ"nin "Qarabağ"ın hegemonluğuna son qoyacağını düşünürsünüz?
- Fikrimcə, builki heyətimiz ötənilkindən güclüdür. Ən azı, daha yaxşı nəticə göstərməyə borcludurlar. "Qarabağ" çox güclü rəqibdir. Çətin olacaq. Amma əlimizdən gələni edəcəyik ki, çempion olaq.
- Nəzərə almaq lazımdır ki, çempionatda legioner limiti olacaq...
- Bəli, bu, bizim ən böyük problemimizdir. Azərbaycan futbolunda yerli futbolçuların kifayət qədər olmaması çatışmazlıdır. Akademiyamız bu yolda böyük işlər görür. Çalışacağıq ki, öz yerli oyunçularımıza güvənək.
- Qələbəni Cavid Hüseynova həsr edəcəyinizi demişdiniz. Bugünkü nəticədə həmin açıqlamanın nə dərəcədə rolu oldu?
- Əlbəttə, bunu ilk oyunda da qeyd etmişdik. Bayaq futbolçularla görüşəndə onlara da minnətdarlığımı bildirdim. Bu gün futbolçular özləri üçün nə qədər oynayırdılarsa, bir o qədər də Cavid üçün oynayırdılar. Ona görə də həmin açıqlamanın çox böyük rolu oldu.
Tamerlan İBRAHİMLİ