Həvəskar futbolçuların "MFL San Marino Kuboku” artıq final mərhələsindədir. Sportnet.az-ın məlumatına görə, çempionatın qalib komandası AFFA-nın dəstəyi ilə milli yığmamızla birlikdə Azərbaycan - San Marino oyununu izləməyə gedəcək.
Bu gün saat 21:00-da "Sportster” meydançasında baş tutacaq həyəcanlı final qarşılaşmasında çempionatın ən güclü iki komandası – "Azfar” və "Juventus Baku” üz-üzə gələcək. Final qarşılaşmasını izləmək üçün turnirin son oyununa AFFA-dan rəsmilər, Azərbaycan millisinin üzvləri, eləcə də məşhur simalar dəvət olunublar. Bundan əlavə, final qarşılaşması MFL-in rəsmi "Facebook” səhifəsində - https://www.facebook.com/mfl.baku - canlı yayımlanacaqdır.
Xatırladaq ki, "MFL San Marino Kuboku” iyulun 22-də 40 komandadan olan 400 həvəskar futbolçu ilə start götürüb. MFL-in təşkil etdiyi ilk turnirdə komandaların limit sayı 24 olsa da, ikinci çempionatda müraciətlərin çoxluğunu nəzərə alaraq, təşkilatçılar bu sayı 40-a qaldırdılar. "MFL San Marino Kuboku” çempionatının təşkilatçıları MFL şirkəti və "Sport Marketing Group” - SMG şirkətidir. Çempionatın əsas tərəfdaşı AFFA-dır. Oyunlara ev sahibliyini isə "Sportster” Kompleksi edir.
İkinci "MFL Kuboku” başa çatdıqdan sonra tamhəcmli turnir başlayacaq ki, bu liqada həvəskar futbolçular 1 il ərzində ən güclü mini futbol komandası adı uğrunda mübarizə aparacaqlar.