AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov bu gün keçiriləcək iclasda böyük ehtimalla iştirak etməyəcək. Sportnet.az-ın məlumatına görə, buna səbəb xarici işlər nazirinin Gürcüstanda səfərdə olmasıdır.
O, səfəri çərçivəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, parlamentin sədri David Usupaşvili və xarici işlər naziri Mixail Canelidze ilə görüşəcək. Saat 19:00-da başlanacaq iclasa Məmmədyarovun qatıla biləcəyi inandırıcı görünmür.
Martın 11-də keçirilmiş Hesabat-Seçki Konfransında komitəyə üzv seçilən Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri yalnız bir iclasda iştirak edib. İK-nın həmin iclası isə elə martın 11-də baş tutmuş konfransdan sonra olub.
Komitə üzvləri iyunun 13-də bir araya gəlsələr də, Məmmədyarov görüşdə olmayıb.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsində Rauf Əliyev, Qurban Qurbanov, Elşad Nəsirov, Vaqif Sadıqov, İsgəndər Cavadov, Kazbek Tuayev, Mahir Məmmədov, Firudin Qurbanov və Elmar Məmmədyarov yer alıb. Daha bir üzv Mirkamil Rəhimov vəfat etdiyindən onun komitədəki yeri boş qalıb.