"Deməzdim ki, Bədavi Hüseynovun zədəsi çox ciddidir. Ancaq elə yüngül də deyil". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi brifinqdə bildirib. O, Avropa Liqasının pley-off mərhələsində İsveçin "Göteborq" klubu ilə Bakıdakı cavab oyununu zədə üzündən buiraxmalı olan müdafiəçisi Bədavi Hüseynovun durumundan söz açıb. Məlum olduğu kimi, Hüseynov zədə səbəbindən millimizin də heyətindən kənarda qalıb.
Qurbanov futbolçuda əzələ dartılması probleminin olduğunu söyləyib: "Bu, hər bir futbolçu üçün vacib əzadır və ehtyatlı olmalıyıq. Özü də Bədavi 2-ci dəfədir həmin yerdən zədələnib. Ola bilər ki, onun bərpası üçün bu dəfə daha uzun müddət vaxt götürmək lazım oldu. Bu, sonradan eyni problemlə üzləşməmək üçündür".
Qurbanov Hüseynovun millidə məşqini dayandırmasında əlaqəsinin olmadığını bildirib: "Bunu sırf həkimlərin öhdəsinə buraxmışıq. Əlbəttə, futbolçu komanda ilə hazırlıqda olmasa da, fərdi məşqlərdən də qalmır. Bununla da orqanizmi çox da zəiflləməyə qoymur. Ancaq Bədavinin komandaya qoşulması üçün bir az müddət lazım olacaq. Onun qrupda ilk turda oynayacağı sualdır. Buna indidən cavab verə bilmərəm".
"Qarabağ"ın baş məşqçisi millidə fərdi çalışan yarımmüdafiəçisi Əfran İsmayılovdan da söz açıb: "Onu son günlərdə görməmişəm. Əfranda "Göteborq"la səfər matçında bir az əzələ ağrısı vardı. Ancaq sonradan bərpa olundu. Ola bilər ki, yenidən məşqdə öz sözünü deyib. Dəqiq məlumatım yoxdur".