"Dalğa Arena” Azərbaycan klubunun Avropa Liqasında qrup mərhələ oyununu keçirən 3-cü stadion olub. Sportnet.az-ın məlumatına görə, bunadək məsul turnirin yarışları Tofiq Bəhramov adına Respublika stadionunda və "Bakcell Arena”da olub.
Mərkəzi arenada rəqiblərini "Neftçi” ilə "Qarabağ” qəbul edib. Burada "ağ-qaralar”ın 3, Ağdam klubunun 6 matçı olub. "Qəbələ” isə ötən mövsüm qrupda debütündə rəqiblərini "Bakcell Arena”da qəbul edib. Beləliklə, qrupda yubiley – 10-cu ev oyunu yeni stadiona təsadüf edib.
Qrupda illk ev matçı İtaliyanın məşhur "İnter” klubu ilə olub və "Neftçi” "Tofiq Bəhramov”da 1:3 hesabı ilə uduzub. "Bakcell Arena”da ilk matçda "Qəbələ” Yunanıstan PAOK-u ilə qolsuz bərabərliyə qalıb.
Göründüyü kimi, Bakıdakı hər 3 stadion qrupda siftəsini qələbə ilə qeyd edə bilməyib. Düzdür, "Dalğa Arena” onunla təsəlli tapa bilər ki, "Qarabağ”ın avrokuboklarda yubiley - 70-ci qolu orada vurulub. Bunun müəllifi ispaniyalı yarımmüdafiəçi Migel Madera olub.
"Dalğa Arena”da bunadək Avropa Liqasının və Çempionlar Liqasının təsnifat mərhələsi oyunları olmuşdu. Bu yay "Kəpəz” Avroliqada rəqiblərini orada qəbul edərək nəinki qol vura, qələbə də qazana bilməyib – "Daçiya” ilə 0:0, "Admira”ya 0:2. "Qəbələ” isə həmin arenada Sloveniyanın "Maribor” klubunu 3:1 hesabı ilə məğlub edib. "Dalğa Arena”da qələbə sevincini hələ ki "qırmızı-qaralar”, "İnter” (Estoniya "Trans”ı üzərində 2:0) və "Neftçi” (Gürcüstan "Zestafoni”si üzərində 3:0) yaşayıb. "Kəpəz”lə "Bakı”ya isə bu, nəsib olmayıb.
Başqa sözlə, "Qarabağ” "Dalğa Arena”dan avrokuboklarda istifadə edən 6-cı klubumuz olub. Bu isə Mərdəkan qəsəbəsindəki stadionunda yubiley – 10-cu avrokubok matçına təsadüf edib. Bunlardan ən çoxu – 3-ü "Neftçi”nin oyunu (2-si Çempionlar Liqası, 1-i Avropa Liqası) olub. "İnter”lə "Kəpəz” hərəyə 2, "Bakı”, "Qəbələ” və "Qarabağ” hərəyə 1 dəfə "Dalğa Arena”dan yararlanıb. Bunların hamısı Avroliqa matçlarıdır.
Bu stadionda bizim üçün 3 qələbə, 4 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb (topların fərqi 15-9). "Dalğa Arena”da ilk qol müəllifi debütdə fərqlənən "İnter”in makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski olub. Mərdəkan stadionunda 2:2 hesabı əvvəl olub ki, bu da "Neftçi”nin "Hapoel" (Kiryat Şmona) ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunudur.
"Qarabağ” 1996-cı ildən çıxış etdiyi avrokuboklarda matçların böyük əksəriyyətini "Tofiq Bəhramov”da keçirib. Yalınız 2006-cı ildə UEFA kubokunda Moldovanın "Zimbru” klubuna 1:2 hesabı ilə uduzduğu cavab matçı "Şəfa” stadionunda (indiki "İnter” Arena”da) olub. "Dalğa Arena” "Qarabağ" üçün avrokuboklarda, Azərbaycan üçün qrup mərhələsində 3-cü stadion olub.
Mehman Süleymanov