"Qəbələ"nin liberiyalı futbolçusu Teo Uiks Azərbaycan Premyer Liqasının tarixinə düşüb.
Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi 1992-ci ildən keçirilən milli çempionatda dubl edən ilk liberiyalı futbolçu olub. Uiks bunu VI turda "Zirə" ilə səfər matçında reallaşdırıb. O, oyunda vurulan hər 2 qolun müəlliif olub - 2:0. Teo hər hissədə 1 dəfə - 19-cu və 76-cı dəqiqələrdə fərqlənib.
Uiks "Qəbələ"nin tarixində 1-ci, milli çempionatda 2-ci liberiyalı futbolçudur. İlk oyunçu 2007/2008 mövsümündə "Qarabağ"da (23 oyunda 1 qol), növbəti mövsümdə Salyanın "Muğan" klubunda (26 oyunda 1 qol) çıxış edən İsaak Pupo olub. 31 yaşlı yarımmüdafiəçi Premyer Liqada 2 ilə cəmi 2 qol vurub ki, bunu Uiks 1 oyunda reallaşdırıb.
Teo eyni zamanda Azərbaycan çempionatında qol hesabını açıb. O, bunadək 5 turda fərqlənə bilməmişdi. Liberiyalı "Qəbələ"də debütündə Avropa Liqasında "Samtredia" ilə oyunda het-trik edib, bu turnirdə vurduğu 5 qolla bombardir olsa da, uzun müddətdir rəqib qapısına yol tapa bilmirdi. O, "qırmızı-qaralar"ın cari çempionatda 3-cü dublunun müəllifi olub. Özü də dubllardan son 2-si ötən həftəki oyunlarda 2:0 hesablı qələbədə olub. Bundan öncə fransalı hücumçu Baqali Dabo "Sumqayıt"la təxirə salınan ev oyununda dubl müəllifi olmuşdu. İlk dublun müəllifi isə debütündə keçmiş komandası "Neftçi"yə qol vuran millimizin hücumçusu Ruslan Qurbanov olub. Göründüyü kimi, "Qəbələ"nin cari çempionatda dubllarının hamısına yeni futbolçuları imza atıblar.
Uiks "Qəbələ”nin 41-ci dublunun müəllifi olub. O, bir oyunda 2 top vuran 28-ci futbolçudur. Bunadək 26 oyunçu 40 dubla imza atıb.
Mehman SÜLEYMANOV