Avropa Liqasında çıxış edən "Qarabağ" və "Qəbələ"nin rəqibləri bu gün ölkə çempionatlarında növbəti oyunlarını keçirəcək. Sportnet.az-ın məlumatına görə, 6 rəqibdən 3-ü bu gün meydana çıxacaq.
"Qəbələ"nin yer aldığı C qrupunda mübarizə aparan Fransa "Sent-Etyen"i Liqa 1-də "Monako" ilə qarşılaşacaq. Hazırda 16 xalla 7-ci pillədə qərarlaşan "Sent-Etyen" evdə qələbə sayəsində bir neçə pillə irəliləyəcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Almaniya Bundesliqasında çıxış edən "Maynts"ın rəqibi isə "İnqolştadt"la üz-üzə gələcək. Oyunun start fiti saat 17:30-da səslənəcək. "Maynts" hazırda 11 xalla 10-cu pillədə qərarlaşıb. Ölkə çempionatında 24 xalla liderin 2 xal gerisində qərarlaşan "Anderlext" isə sabah "Vasland-Beveren"lə qarşılaşacaq.
J qrupunda "Qarabağ"ın mübarizə apardığı İtaliya "Fiorentina"sı bu gün "Bolonya"nın qonağı olacaq. Oyun saat 20:00-da başlayacaq. Florensiya təmsilçisi hazırda 13 xalla 11-ci pillədə qərarlaşıb. Digər iki rəqib isə sabah meydana çıxacaq. Çexiyanın "Slovan" klubu səfərdə "Bohemians 1905"lə münasibətlərinə aydınlıq gətirəcək. "Slovan" 13 xalla 10-cu pillədədir. Yunanıstan PAOK-u isə AEK-i qəbul edəcək. Bu görüşə saat 21:30-da start veriləcək. PAOK hazırda 8 xalla 7-ci pillədə yer alıb.