"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının X turunda "Neftçi" ilə ev oyunundan sonra mətbuat konfrabsı keçirib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra media nümayəndələrinin suallarını cavablandırıb.
- Qələbənin bu qədər asan gəlməsi sizin üçün gözlənilməz olmadı?
- Razı deyiləm. Ola bilər oyunun əvvəli asan görünə bilər. Əslində isə oyunun gedişatında müəyyən dəyişikliklər etdik. Heç də asan deyildi. Bu görüşü aktivimizə yazırıq. Ona görə yox ki, böyük hesabla qalib gəldik. Strateji cəhətdən müsbət addımlarımızı gördüm.
- Uzun müddət qol buraxmırdınız. İndi isə bu, adət halını alıb...
- Əlbəttə, qol buraxmamaq xoşdur. Axı, belədə, azından 1 xalı təmin edirsən. Ancaq uzun müddət qol buraxmamaq müşkül məsələdir. Etiraf edim ki, müdafiəmizdə düzəldiləsi müəyyən məqamlar var.
- Rəşad Sadiqovla Sergey Zenyov zədədən qayıtdıqdan sonra daha yaxşı oyun sərgilədilər...
- Onların hazır olduqlarını məşq zamanı görürük. Futbolçu hazır olmayanda, risk etmirik. Onların çıxışı təbii ki, məni sevindirir.
- Son iki oyunda ilk hissədə qol çoxsaylı qol imkanları yaratsaz da, bunlardan istifadə edə bilmirsiz. Səbəb nə idi?
- Təbii ki, bütün yaradılan qol imkanlarından fərqlənə bilmərik. Fikrimcə, ustalıq çatmır. Ustalıq səviyyəmizi artırmalıyıq.
- Cavid Hüseynov meydana daxil olmağa həqiqətən hazırdır, yoxsa bu, sizin tərəfdən edilən bir jestdir?
- Hazır olmasaydı, heç vaxt meydana buraxılmazdı. Gücü çatan müddətə uyğun da meydana buraxırıq. Həm də oyunun gedişatını nəzərə alıb, onu meydana daxil edirik. Düşünürəm ki, Cavidin işləri qaydasına düşür. Hüseynov olduqca istedadlı futbolçudur. İnanıram ki, tezliklə 90 dəqiqə də mübarizəyə hazır olacaq.
- Ruslan Qurbanov və Cavid Hüseynovun oyuna daxil edilməsi hesab 1:1 olarkən atılan addım idi, yoxsa önə keçdikdən sonra? Çünki bu futbolçular hesab bərabər olarkən meydana çıxmağa hazırlaşırdılar...
- Həqiqətən də hesab 1:1 olarkən bu uşaqları meydana daxil etmək qərarı verdim. Ruslan komandamıza yeni qoşulub. Bu üzdən Qurbanova daha çox oyun praktikası verirəm ki, kollektivimizə daha tez alışsın. Cavidin isə verdiyim vaxtın öhdəsindən gələcəyinə inanırdım. Bəli, hesab dəyişdi. Ancaq bu əvəzetmələr nəticədən asılı olmayaraq, baş tutmalı idi. Bunu da etdim.
- Teo Uikslə Nika Kvekveskiri Avropa Liqasının 4-üc turunda oynaya biləcəklər?
- Bu istiqamətdə çalışmalarını davam etdirirlər. Ancaq qarşıda 3 günümüz var. Son qərarı oyundan əvvəl verəcəm.