Avropa Liqasının IV qrupunda Yunanıstan PAOK-u ilə "Qarabağ" arasında keçiriləcək matçın baş hakimi şotlandiyalı Con Biton karyerasında bir dəfə Azərbaycan yığmasının oyununu idarə edib. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı referi U-19-un AVRO-2015-in seçmə tsiklində Macarıstanla baş tutan görüşun baş hakimi olub.
Həmin qarşılaşmada 1:1 hesabı qeydə alınıb. O, bu görüşdən başqa Azərbaycan yığmalarının və klublarının heç bir oyununa təyinat almayıb. Bu görüşdə Biton 6 dəfə əlini cibinə atmalı olub. Onlardan 4 sarı vərəqə Azərbaycan futbolçularına, 1 sarı və bir qırmızı vərəqə isə macarlara verilib.
Biton karyerası ərzində futbolçuları 8 dəfə qırmızı və 107 dəfə sarı vərəqə ilə cəzalandırıb. Qapılara təyin etdiyi penaltilərin sayı isə 8-dir.
C qrupunda "Qəbələ" və Fransa "Sent-Etyen"i arasında baş tutacaq görüşün baş hakimi ispaniyalı Karlos Del Kerro Qrande də Azərbaycan təmsilçilərinin beynəlxalq oyunlarında cəmi bir dəfə iş başında olub. 40 yaşlı hakim Avropa Liqasının 2015/2016 mövsümünün I təsnifat mərhələsində Albaniya "Laçi"si və Bakı "İnter"i arasındakı matçda baş hakim funksiyasını yerinə yetirib. Həmin görüşdə 1:1 hesabı qeydə alınıb. Həmin görüşdə rəqibin 3, "İnter"in isə bir futbolçusuna "sarı" verilib.
Qrande bugünədək komandaların qapısına 7 penalti təyin edib. O, 4 qırmızı və 62 sarı vərəqə nümayiş etdirib.