"Qəbələ"nin kapitanı Rəşad Sadiqov Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyunda sonra brifinq keçirib. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, təcrübəli yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- Oyunu necə dəyərləndirərdin?
- İki lider komanda oynayırdı. Matçın belə dramatik olacağını heç kəs gözləmirdi. Mənə elə gəlir ki, baş hakim Rəhim Həsənov bütün oyunu korladı.
- Əsas səhvi nədə görürsən?
- İlk növbədə, penaltidə. Belə penalti verməzlər. O, qərarını verəndən sona yan xətt hakimindən soruşur ki, top "Qəbələ"nin futbolçusunun harasına dəydi? Sən bunu görməmisənsə, necə verirsən? Vernidub ağzını da göstərir ki, qanayıb, top ora dəyib. Ancaq xeyri yoxdur, qərarının üstündə durdu. Belə hakimlik olacaqsa, həmiçə olacaq
- Yəni qərəz idi, yoxsa səhv?
- Səhv belə olmur. Nə oldu, elə həmişə belə qərarlar səhv oldu...
- İkinci qoldan sonra diqqət mərkəzinə düşdün və qarşı tərəflə insidentin oldu...
- O, dünəki uşaqdır. Qolu vurmusunuzsa, gedin, qıraqda qeyd edin. O isə bizə tərəf dönərək xoşagəlməz jestlər edir. Mən də yaxınlaşıb dedim ki, niyə belə edirsən. O da ağzına gələni danışdı, cavabını verdim. İtələdim, şillə vurdum. Belə də olmalı idi. Çünki dünənki uşaqdır, yerini bilməlidir. Dünənki "paçanlar"dır. Oynamadığın halda bizim futbolçulara acıq vermək istər-istəməz qıcıq yaradır. Adam belə hərəkətdən sonra döyər də, öldürər də.
- Premyer Liqada son tur və Avroliqa matçınız qalıb. Bu oyunda ruh düşkünlüyü nə dərəcədə mənfi təsir göstərəcək?
- Hələ onları fikirləşmirik. Çünki komanda ən azı 3-4 gün özünə gəlməlidir. Bunun nə vaxta olacağı bilinmir, zaman göstərəcək. Belə oyunlarda məğlubiyyətlərdən sonra çempionluq əldən gedir, Avroliqaya oynayırsan. Belə hakim səhvləri, belə penalti vermək olmaz axı. Ötən il Qəbələdə qırmızı vərəqə və penalti. Nə oldu, Rəhim Həsənovun idarə etdiyi matçlarda ancaq bizim qapıya belə gülməli şeylər olur.
- Bəs ikinci qolla bağlı hansı narazılığınız oldu?
- Hakim 4 dəqiqə əlavə vaxt artırır. Ancaq qol 7-ci dəqiqədə vurulur. Nə bilim, özü bilər. Nə istəyir, onu edir. Son saniyələrdə buraxılan qoldan sonra qıcıq olur, meydanda gərginlik yaşanır. Belə şeylər olur futbolda. Sadəcə, baş hakim oyunun "ipini əldən verdi", sonda da belə oldu. Bundan, belə penaltidən sonra oynamaq istəmirsən, oynamağa da dəyməz. Hakim qərarına əmin deyilsə, sizcə, bu, səhv ola bilər, yoxsa qərəz? Buna özünüz qərar verin.
- Sonda meydandan çıxmaq istəyirdiniz...
- Çıxmırdıq. Daha danışmağa dəyməz.