"Zirə” komandası Türkiyədəki hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, "qartallar” Qırğızıstan "Dordoy” (Bişkek) klubu ilə qarşılaşıb.
Görüş Azəbaycan təmsilçisinin əzmkar qələbəsi ilə yekunklaşıb - 2:1.
"Zirə"nin baş məşqçisi Ayxan Abbasov start heyətində Kamal Bayramov, Yovan Krneta, Sadiq Quliyev, Adil Nağıyev, Aleksandr Şemonayev, Tural Cəlilov, Vüqar Mustafayev, Milan Duriç, Elvin Məmmədov, Sezar Meza Kolli və Elgün Nəbiyevə şans verib. Qarşılaşmanın ilk dəqiqələrindən "qartallar" oyuna nəzarəti ələ alsalar da, ilk qol rəqibdən gəlib. Nəticədə birinci hissə Qırğızıstan təmsilçisinin üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra "Zirə"nin heyətində dəyişikliklər edilib. Anar Nəzirov, Təmkin Xəlilzadə, Viktor İqbekoyi, Yamin Ağakərimzadə, Vüsal İsgəndərli, Cavid Tağıyev və Nurlan Novruzov daxil olub. Yalnız Sadiq Quliyev, Yovan Krneta, Adil Nağıyev və Vüqar Mustafayev oyunu əvəzolunmadan keçirib.
"Qartallar” ikinci hissədə istəyinə nail olub. Əvvəlcə Milan Duriç cərimə zərbəsi ilə baxımlı qola imza atıb. 75-ci dəqiqədə isə Vüqar Mustafayev fərqlənib – 2:1.
Yoxlama oyunu
16:30. "Zirə" - "Dordoy" (Qırğızıstan) - 2:1
"Zirə" yanvarın 22-də Bolqarıstan təmsilçisi "Lokomotiv”lə (Gorna) üz-üzə gələcək. Komanda oyundan bir gün sonra vətənə dönəcək. Bundan sonra iki gün istirahət edəcək "qartallar” Premyer Liqanın AZAL-la oyununa hazırlığa start verəcək.