"Ümumilikdə, yaxşı oyun oldu. Bəxtimizin gətirdiyi, eləcə də, şanssız olduğumuz məqamlar vardı". Sportnet.az-ın məlumatına görə, bu fikirləri FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Belarus yığmasının baş məşqçisi Roman Kirenkin bildirib. Azərbaycanlı həmyaşıdları ilə bu gün keçirilən 9-cu yer uğrunda oyunda belaruslular hesabda irəlidə olsalar da, uzatma dəqiqələrində buraxdığı qolla üstünlüyünü əldən verib. Matç sonrası penaltilər seriyasında isə Təbriz Həsənovun komandası 5:4 hesabı ilə qalib gəlib.
Kirenkin Azərbaycan yığması həqiqətən güclü komanda olduğunu deyib: "Turnirin əvvəlindən bu komandanın oyununu izləyərkən, qarşılaşacağımız təqdirdə böyük çətinliklərlə üz-üzə qalacağımızı ehtimal edirdik. Rəqibimizin xüsusilə topla düzgün davranışını qeyd etmək istərdim. Texniki baxımdan bizdən üstün idilər. Belə komanda ilə qarşılaşmaq çox xoşdur. Səhvlərimiz oldu, üzərində işləyəcəyik. Azərbaycan yığmasını qələbə münasibətilə təbrik edirəm. Turnirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.