"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XVI turunda "Qəbələ" ilə səfər oyunundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, verir ki, mütəxəssis ilk olaraq 0:1 hesabı ilə uduzduqları matç haqda fikirlərini bildirib.
- Rəqibi təbrik edirəm. Komandamdan razı qaldım. Futbolçularımız yaxşı oyun nümayiş etdirdi. Düzdür, bütün 90 dəqiqəni eyni səviyyədə keçirmədilər. Ancaq ümumilikdə razıyam.
- İstədiyiniz "Neftçi" budur, yoxsa hələ irəliləmək üçün potensial var?
- Komandam 2-3 turdan sonra mən istəyən səviyyədə oynaya biləcək. Mənə bu qədər vaxt lazımdır ki, istədiyim oyunumuzu görüm.
- Qış fasiləsindən sonra hakimlər komandanızın 5 xalını oğurlayıb. Sizə elə gəlmir ki, "Neftçi"nin əvvəlki rəhbərliyinin qol gücünə hakimlərə təzyiq göstərmək taktikası ziyalı münasibətdən daha düzgün idi?
- Mənim işim komandanı hazırlayıb oyuna çıxarmaqdır. Hakimlərin oyununa nəzarət edən qurum var. İndi mən burda etiraz etməklə, heç nə dəyişməyəcək. Göydən də Allah baxır.
- Komandanız müdafiədə inamlı təsir bağışlasa da, hücumçular barədə eyni sözü demək olmaz...
- Razıyam. Bu gün hər iki yeni hücumçumuza şans verdim. Onların uyğunlaşması üçün vaxta ehtiyac var. Razıyam ki, bu gün istədiyimiz səviyyəni ortaya qoymadılar.
- Köməkçiniz Aleksandr Deriberinin "texniki zona"dan qovulması nə ilə bağlı idi?
- Belə halların baş verməməsi yaxşı olardı. Matçda biri emosiyasını saxlaya bilir, digəri yox. Biri nəsə deyir, digəri ona cavab qaytarır. Bütün diqqətimizi meydankı münarizəyə yönəltmişdik. AFFA-nın İntizam Komitəsinin iclasında həmin epizoda aydınlıq gətiriləcək.