"Zirə"nin serbiyalı yarımmüdafiəçisi Milan Duriçin Azərbaycan Premyer Liqasının XVI turunda "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Sportnet.az-a müsahibəsi
- Matçı necə dəyərləndirərdin?
- Maraqlı və gərgin görüş alındı. Qalib gəlmək istəyirdik. Buna nail olduğumuza görə çox şadam.
- Səncə, oyunun bu qədər gərgin keçməsinə səbəb nə idi?
- Futboldur, belə hallar olur. Bunu normal qarşılamaq lazımdır. Amma düzü, mən bura gələndən "Kəpəz”lə bütün oyunlarımız çox çətin, ağır keçir. "Kəpəz”ə qarşı oynamaq çətindir, bu dəfə də belə oldu.
- Meydanda azlıqda oynamağınız vaxt keçdikcə qələbə şansınızı hər halda azaldırdı. Bu fikirlə razısan?
- Təbii ki, meydanda azlıqda qalmağımız bizə çətinlik yaratdı. Hardasa bir saat azlıqda oynadıq. Ona görə müdafiəyə daha çox diqqət yönəltməyə məcbur idik. Buna rəğmən, çox yaxşı oynadıq. Əks-hücumda qolumuzu vurduq, qapımızı toxunulmaz saxladıq.
- Komanda yoldaşın Sezar Meza Kollinin qırmızı vərəqə epizodunda hakimin düzgün qərar verdiyini düşünürsən?
- İnanın, həmin epizodu görmədim. Ona görə ki, topa doğru gedirdim və nə baş verdiyini bilmədim.
- Qarşıdakı turda "Qarabağ”ın qonağı olacaqsınız. İki oyuna əldə etdiyiniz iki qələbənin davamını gətirə biləcəksiniz?
- "Qarabağ”a qarşı oyun çox çətin olacaq. Çalışacağıq ki, bu matçda da əlimizdən gələni edək və xal qazanaq. Görək, necə alınacaq.