"Qəbələ"nin məşqçisi Sənan Qurbanovun Sportnet.az-a müsahibəsi
- AZAL-la oyuna hazırlıq necə keçdi?
- Yaxşı hazırlaşmışıq. Qəbələdə qar olsa da, hava elə də soyuq deyil. Hətta günəş da çıxmışdı. Məşqlərimiz qaydasında keçdi. Xal itirmək istəmirik. Hər matça olduğu kimi, AZAL-la qarşılaşmaya da maksimum xal üçün, qələbə əzmi ilə çıxacağıq. Baş məşqçi bununla bağlı son göstərişlərini verəcək.
- Baş məşqçiniz Roman Qriqorçuk cəzalı olduğundan, bu matça komandanı siz çıxaracaqsınız...
- Oyun sistemimizi qoruyub saxlayacağıq. Çalışacağıq ki, meydanda topa daha çox biz sahib olaq. Dəyişən bir şey yoxdur.
- Cari mövsümdə Qriqorçuk cəzalı olanda, onu "texniki zona"da siz əvəzləyirsiniz. Bu, sizin üçün nə dərəcədə çətindir?
- Qriqorçuku tanımasaydım, sistemini bilməsəydim, mənə bir az çətin olardı. Onun oyun üslubunu bilirəm. Ukraynalı baş məşqçi həm bizə, həm də komandaya öz tapşırıqlarını verir. Artıq bir şey etmirik. Sadəcə, öz oyun üslubumuz, meydanda istədiyimiz bir şey var. Ondan kənara çıxmamaq şərtilə, baş məşqçinin tapşırıqları daxil olaraq yerinə yetirməyə çalışırıq. Buna görə də mən də bilirəm ki, "texniki zona"da nə etmək lazımdır. Qriqorçuk matç qabağı son tapşırıqlarını verir. Bu da rəqibə görə olur. Əlbəttə, baş məşqçinin əvəzləyicisi kimi "texniki zona"da olmaq böyük məsuliyyətdir. Məqsədimiz yalnız baş məşqçinin tapşırıqlarını yerinə yetirməkdir.
- Heyəti də Qriqorçuk müəyyənləşdirəcək. Bir sözlə, siz yalnız baş məşqçinin göstərişlərinin 90 dəqiqə icrasını həyata keçirəcəksiniz....
- Bəli, hər şeyi baş məşqçi müəyyənləşdirir. Sadəcə, cəzalı olduğundan "texniki zona"da durmayacaq. Əlbəttə, top bizdə və ya rəqibdə olanda müdafiədə, hücumda necə oynamalı olduğumuzu bilirəm. Artıq neçə ildir Qriqorçukla işlədiyimdən bu detalları yaxşı bilirəm. Onun iş prinsiplərinə yaxından bələdəm.
- Təbii ki, rəqibi təhlil etmisiniz. İndiki AZAL nə dərəcədə təhlükəli, yaxud əksinə, çox münasib rəqibdir?
- Nəinki AZAL, ümumiyyətlə, çempionatımızda asan yenilə biləcək komanda yoxdur. Son turda "Qarabağ"la oyunda yaxşı mübarizə apardılar. AZAL-ın özü də əzmkar komandaya çevrilib. İndi bütün komandalarla oynamaq çətindir. Sürətli futbol göstərirlər, müdafiədə sıxlıq var. AZAL-ın bugünkü təhlilində bunu yaxşı gördük. Bəzən çalışırıq ki, rəqibi sürət hesabına azlıqda yaxalayaq. Bu komponentdə də AZAL-da irəliləyiş var. Belə görürsən ki, asan olmayacaq.
- Üstəlik, AZAL-la son matçda 0:0 hesabı ilə oynayaraq xal itirmisiniz. Bu, səfərdə osa belə...
- Əlbəttə ki, bu oyunu yaxşı xatırlayırıq və rəqib son pillədə olduğuna görə saymamazlıq ola bilməz. Əksinə, tam fərqli münasibətdir. Düzdür, həmişə dominantlıq etməyi, rəqibin meydanında oynamağı bacarırıq. Rəqib nə qədər qapansa belə, qol imkanlarımız olur. Sadəcə, ondan çox istifadə edə bilmirik. Bu, bizi daha çox qol vurmağa motivasiya etməldiir. "Neftçi"ni 8:0 hesabı ilə məğlub edəndən sonra hansı rəqibə 3 - 5 qol vurduğumuzu yadımızdan çıxarmışıq. Bunu rəqiblərə hörmətlə yanaşmaq şərtilə deyirəm. Sadəcə, qol imkanlarımızı qaçırırıq. Bu, hücumçularımız üçün əksinə, motivasiya olmalıdır.
- Qış fasiləsindən sonra ardıcıl 3-cü oyunu Qəbələdə keçirmək planlarınıza nə dərəcədə uyğun gəlir?
- Bizdə ev, səfər oyunlarında sistemdə dəyişiklik cüzi ola bilər. Bu da rəqibə görə olur. Elə gətirdi ki, ardıcıl 3 oyun Qəbələdə oldu. "Neftçi" ilə matçı səfərdə keçirməli olsaq da, hava şəraitina görə oyun Qəbələyə salındı. Çünki bizim meydanda qızdırıcı sistem olduğuna görə qar qazonda qalmır. Həmin vaxt isə Bakıda qar vardı. Öz meydanımızda "Neftçi"yə qalib gəldik. Yalnız "Sumqayıt"la matçda xal itirdik.
- Heyəti baş məşqçi müəyyənləşdirsə belə, indiki formasını və son turda meydana çıxaraq qələbə topunu vurduğunu nəzərə alsaq, Daniel Subotiçin Baqali Dabonun yerinə ilk dəqiqələrdən meydana çıxma şansı nə dərəcədə yüksəkdir?
- Baş məşqçi də Danieldən tez-tez vəziyyətini soruşur. Onun durumu normaldır. Məşqdən-məşqə daha da yaxşılığa doğru gedir. Mən də hələ bilmirəm ki, sabah kim əsas heyətdə oynayacaq. Ancaq Subotiçin qol duyumunun yaxşı olduğunu nəzərə alsaq, oynama şansı çox ola bilər.
- Bəs digər yeni transferiniz Rasim Ramaldanovun hazırlıq durumu necədir?
- O da yaxşıdır, məşqdən-məşqə artırır. Hər ikisinin komanda ilə qış təlim-məşq toplanışı keçmədiyini nəzərə almaq lazımdır. Fərdi məşqlə komanda hazırlığı tam fərqlidir. Fərdi məşqlə yalnız fiziki tonusunu saxlaya bilərsən. Ancaq komada məşqi tam ayrıdır. Subotiçlə Ramaldanov bunu çox buraxıblar. Məncə, qısa vaxtda optimal formalarını yığacaqlar. Məşqlərdə pis görsənmirlər.
- Teo Uikslə Sergey Zenyov son vaxtlar kölgədə qalıblar. Onlar legioner limitinin qurbanı olurlar?
- İnanın ki, hər şey ola bilər. Onlar da komandaya lazımlı futbolçulardır. Baş məşqçi futbolçuları harada necə istifadə etməyi fikirləşir. Təbii ki, söhbət bacarıqlarından gedir. Ancaq bildiyiniz kimi, legioner limiti var. Üstəlik, əsas heyətdə 21 yaşadək futbolçu oynamalı, ehtiyatda həmin yaşda onun əvəzləyicisi mütləq olmalıdır. Müqayisə olunur, son məşqdə kim daha yaxşıdırsa, ona şans verilir.
- Heyətdə itkiləriniz var. Zədəlilərin, xüsusilə əməliyyat olunacaq Rafael Santosun son durumu necədir?
- Rafael İtaliyada əməliyyat olunacaq. Asif Məmmədov apendisitdən əməliyyat olunandan sonra düşərgədən kənarda qalıb. Komandamız Bakya gələndən sonra Rəşad Eyubov yavaş-yavaş məşqlərimizə qoşulacaq. Ancaq Asif hələ ki yox. Onlara 7-10 gün vaxt laızmdır ki, tədricən hazırlığa qatılsınlar.
- Bu turda vahid lider olma şansınızı necə dəyərləndirirsiniz? Çünki "Qarabağ"ı hər 2 oyunda qalib gələn "Zirə" ilə heç də asan sınaq gözləmir. Yoxsa Ağdam klubunun yenə bu rəqibə qalib gələcəyini düşünürsünüz?
- Belə müqayisələr, təhlillər aparmağı xoşlamırıq. Hamı bilir ki, "Qarabağ"la "Qəbələ" arasında liderlik uğrunda mübarizə gedir. Ancaq futbolda belə bir psixologiya var ki, ilk öncə öz oyununu düşünməlisən. "Qarabağ"ın xal itirməsini düşünərək oynamaq özünə zərbə vura bilər. Əslində, öz oyunlarımızı daha çox düşünməliyik. Biz öz matçlarımızda maksimum nəticə göstərsək, lider ola bilərik. Həmin rəqiblərlə - "Qarabağ", "Zirə" ilə oyunlarımız qalıb. Buna görə baş məşqçimizlə belə strategiyanı bəyənmirik ki, misal üçün "Qarabağ" "Zirə" ilə oyunda xal itirsin. "Zirə" yaxşı komandadır. Ancaq bizim sabah öz oyunumuz var və onu daha çox diqqətdə saxlayırıq.
Mehman SÜLEYMANOV