Sloveniyanın "Domjale" klubundan ayrılaraq AZAL komandasına transfer olunan Samir Məsimovun "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- AZAL-a keçidiniz necə alındı: Təklif klubdan gəldi, yoxsa özünüz müraciət etdiniz?
- AZAL-ın baş məşqçisi Tərlan Əhmədova minnətdaram, məni komandasız qoymadı. Azərbaycanda onun kimi vətənpərvər məşqçinin olması ilə qürur duyuram.
- "Domjale"dən ayrılmağınızın səbəbi nədir?
- Orada oyun praktikam çox az idi, nadir hallarda meydana çıxırdım. Ona görə də ayrılmağa qərar verdim.
- Ehtiyatda qalmağınız nə ilə bağlıdır?
- Məni komandaya dəvət edən baş məşqçi Luka Elsner şans verirdi. Lakin onun gedişindən sonra yeni baş məşqçi Simon Rojman gəldi. O isə özümü göstərmək üçün imkan yaratmadı.
- Ancaq Luka Elsnerin zamanında da heyətdə möhkəmlənə bilmədiniz...
- Açığı, "Domjale"də niyə alınmadı, özüm də bilmirəm. Məşqçilər məndən razı idi.
- Bəlkə Simon Rojmanla probleminiz olub?
- Xeyr, "Domjale"də heç bir məşqçi ilə problemim olmayıb. Orada çox mehriban kollektiv vardı.
- Ötən ilin fevralında "Neftçi"dən "Domjale"yə keçdiyiniz üçün peşmansınız?
- "Neftçi"dən getdiyim üçün peşman deyiləm. Sloveniyaya inkişaf etmək, Avropada oynamaq üçün getmişdim.
- AZAL-dan başqa klubdan təklifiniz var idi?
- Bəli, bir neçə təklif almışdım. Moldovadan təklif göndərən bir komandaya keçidim baş tutmadı. Onların borcları ilə bağlı problemləri yarandı. Həmçinin Anatoli Ponomaryov zəng etmişdi, İsveçin I divizionuna çağırdı. Ancaq dil baryerinə görə "yox" deməli oldum. AZAL-da oynayacağam. Bu, mənim üçün yeni bir mərhələ, çağırışdır. Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm.