"Bizim üçün çətin oyun oldu. Yalnız qələbə haqda düşünürdük. Əlimizdən gələni də etdik. Bunun da bəhrəsini nəticədə gördük. Məncə, yaxşı oyunla qələbə qazandıq”.
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının XX turunda evdə "Sumqayıt"a qalib gələn "Zirə”nin müdafiəçisi Adil Nağıyev deyib.
O, komanda yoldaşı Yovan Krneta və rəqib komandanın kapitanı Vurğun Hüseynov arasında yaşanan mübahisədən də söz açıb: "Futboldur da, olur belə şeylər. Əsəbiləşəndə pis cavab versən də, sonradan hər şey düzəlir. Bunlar boş şeylərdir”.
Bu qələbə sayəsində "Zirə" 4-cü pilləyə yüksəlsə də, komandanı növbəti turda "Neftçi" ilə çətin sınaq gözləyir. Nağıyev heç bir rəqibdən qorxmadıqlarını bildirib: "Düzdür, hazırda turnir cədvəlində öndəyik. Ancaq indidən nəsə demək olmaz. Qarşıda hələ çox oyunlar var. Bizdən geridə olan rəqiblərlə aramızdakı xal fərqini daha da artırmalıyıq. "Neftçi” qışdan sonra heyətini gücləndirib və oyun sistemi dəyişib. Çox yaxşı da təsir bağışlayırlar. Neçə turdur ki, bunu sübut edirlər. Çox çətin və maraqlı oyun olacaq. Hər bir rəqibə olduğu kimi "Neftçi”yə də hörmətlə yanaşırıq. Amma heç kimdən qorxmuruq. Biz "Neftçi” ilə oyuna da qələbə üçün çıxacağıq”.
Qeyd edək ki, "Sumqayıt"la oyun "Zirə"nin qələbəsi ilə yekunlaşıb - 1:0.