"İnter"in hücumçusu Rauf Əliyev Sportnet.az-a müsahibə verib:
- AZAL-la matçda istədiyiniz kimi oynaya bildiniz?
- Belə də. İkinci hissə o qədər də yaxşı oynaya bilmədik. Amma əsas odu ki, üç xalı qazana bildik. Son vaxtlarda məğlubiyyətlərimiz də var idi. Bundan başqa vəziyyətimiz də hamıya məlumdur. Qələbə bizə çox lazım idi.
- "Qəbələ”yə məğlubiyyətdən sonra AZAL-la oyuna köklənmək çətin olmadıki?
- Gün baxımından təsiri oldu. "Qəbələ” ilə matçdan iki gün sonra oynadıq. Ona görə də yorğunçuluq hiss olunurdu. AZAL isə yaxşı dincəlmişdi. Qələbə də üçüncü yeri təyin edə bildik.
- Rəqibindən asılı olmayaraq "İnter” qol vurandan sonra müdafiəyə oturur. Hətta rəqib AZAL olsa belə. Qol buraxmaq təhlükəsini gözə ala-ala necə müdafiədə oturursunuz?
- Çempionat başlayandan bizdə oyun belə alınır. Qol vurduğumuza görə istər-istəməz arxaya çəkilirik. Ona görə də qol vurduqdan sonra bütün rəqiblər bizə təzyiq edir. Hardasa rəqiblər son dəqiqələri hücumda keçirir, biz müdafiədə.
- Son dəqiqələrdə öz qolunu da vura bildin...
- İki-üç oyun idi ki, qol vura bilmirdim. Çempionatda 8 qol vurmuşam. Sona az qalıb və istəyirəm nə qədər bacarıramsa, vurum.
- Ölkə kubokunda final şanslarınızın qaldığını düşünürsən?
- Çox azdı. "Qəbələ”yə evində üç qol vurmağımız çox çətin görünür.
- Avrokuboklara vəsiqəni təmin etdiniz. Necə düşünürsən, klubdakı durumlar düzələcəkmi?
- Vallah heç nə bilmirik. Bizə heç kim heç nə demir. Bizə söz verilib ancaq iki aydı ki, problemlərimiz var. Adam tapmırıq ki, söhbət edək. Təki düzəlsin, gözləyirik. Bir ay qalıb mövsümün sonuna. Biz də bilmirik ki, necə olacaq.
- Təkliflər varmı, yoxsa komandadan ayrılmağı düşünmürsən?
- Bu haqda hələ heç nə deyə bilmərəm. Görək də necə olur. Təkliflərim də yoxdur.