UEFA-nın Konqresi qurumun prezidenti Aleksander Çeferin tərəfindən təklif olunan inzibati islahatları təsdiqləyib.
Sportnet.az-ın məlumatına görə, bu gün Finlandiyanın paytaxtı Helsinkidə baş tutan Konqresdə təşkilatın Nizamnaməsi üçün nəzərdə tutulan dəyişikliklər yekdilliklə qəbul edilib.
2017-ci il iyulun 1-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, bundan sonra UEFA İcraiyyə Komitəsinə yalnız öz milli assosiasiyalarında prezident, vitse-prezident, baş katib və ya icraçı direktor postlarından birini tutan şəxslər namizəd ola biləcəklər.
UEFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri hər biri 4 il olmaqla, 3 müddətə seçiləcəklər və komitədə Avropa Klubları Assosiasiyasına (ECA) iki yer ayrılacaq. Eləcə də komitənin işinin idarə edilməsi və tələblərə riayət olunması üzrə hazırda fəaliyyət göstərən üzvlərin sayı 3-dən 5-ə çatdırılacaq.
Bundan sonra milli assosiasiyaların ekspertlərinə UEFA-nın komitələrinə rəhbərlik etməyə icazə veriləcək. Həmçinin, UEFA-nın Nizamnaməsinə, qurumun istənilən turnirlərin keçirilməsi üçün şəhərləri və stadionlar tam obyektiv və şəffaf şəkildə seçilməsinə dair bənd daxil ediləcək.
Qeyd edək ki, Aleksander Çeferin 14 sentyabr 2016-cı ildə UEFA prezidenti seçilib.