"Aydın məsələdir ki, öz meydanımızdakı məğlubiyyətdən sonra cavab görüşünə köklənmək çətin idi. İlk 15 dəqiqə ərzində fərqlənmək imkanlarımız olsa da, fərqlənə bilmədik. Qol buraxdıqdan sonra isə bizə çətin idi. Bu gün Rauf Əliyev və Nizami Hacıyevə istirahət verdim. Denis Silva isə ötən gün 38,5 dərəcə qızdırma içində idi. Oyunun gedişində 2 cinah müdafiəçisini dəyişdim. Slavik Alxasov və İlkin Qırtımov çempionat boyunca çox yükləndikləri üçün belə etdim".
Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze səfərdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra deyib. Gürcüstanlı mütəxəssis finala yüksələ bilməyən komandasının bürünc medal şansını əldən verməməyə çalışacaqlarını bildirib. O, "İnter"in və özünün taleyindən də danışıb: "Transfer qadağası yenə davam etsə, bizə çox çətin olacaq. Amma Serbiya "Partizan"ının cəzasını bu yaxınlarda ləğv ediblər. Ümidvaram ki, bu jest bizə də ediləcək. Özümün qalmağım hadisələrin gedişindən asılıdır. Gözləyirik".
Svanadze Premyer Liqanın qalan 4 turunda futbolçuların özlərini yaxşı tərəfdən göstərməli olduqlarını bildirib: "Futbolçu ilk növbədə özü üçün oynayır. Özünü yaxşı tərəfdən göstərməyi bacarmalıdır ki, daha yaxşı komandalara keçə bilsin".
Qeyd edək ki, "İnter" "Qəbələ" ilə ilk görüşdəki 1:3 hesablı məğlubiyyətdən sonra bu gün cavab oyununda da məğlub olub - 0:2. Nəticədə finala əyalət təmsilçisi yüksəlib.