
"Kəpəz” komandasının kapitanı Tural Axundov azarkeşlərə müraciət edib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu gəncəli futbolsevərləri Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində "İnter”lə görüşü tribunadan izləməyə səsləyib: "Bütün azarkeşləri bu mövsüm sonuncu dəfə "Kəpəz”ə dəstək olmağa səsləyirəm. Hər şey ola bilər, Avroliqaya vəsiqə də qazana bilərik. İndi komandanın dəstəyə daha çox ehtiyacı var. Əhval-ruhiyyəmiz yaxşıdır. Sonuncu oyunumuz evdə olduğu üçün sözsüz ki, həyacan olacaq. Çempionatı qələbə ilə başa vurmağı düşünürük. Bununla da fanatlara hədiyyə etmək istəyirik. Futbol olmayan vaxtlarda Gəncə azarkeşləri üçün çox darıxacağıq. Onlara çox öyrəşmişik. Həmişə arxamızda durublar, dəstək veriblər. Buna görə onlara minnətdarıq. Hamımız istəyərik ki, mövsüm bitməsin, azarkeşlərin önündə daha çox oynayaq. İnşallah, gələn mövsümdə komanda sayı çox olar və çempionat uzanar”.
Qeyd edək ki, aprelin 29-da keçiriləcək "Kəpəz” – "İnter” matçı saat 16:00-da başlayacaq.