"İnter” klubu ilə müqavilələrinin müddəti başa çatan qapıçı Səlahət Ağayevlə müdafiəçi Abbas Hüseynovun gələcək karyeraları ilə bağlı qeyri müəyyənlik davam edir. Hər iki futbolçu Sportnet.az-a açıqlamalarında gözləmə mövqeyi seçdiklərini bildiriblər.
"Neftçi”yə keçidi gündəmdə olan Ağayevin sözlərinə görə, bütün suallara klub rəhbərləri aydınlıq gətirəcəklər: "Mən futbolçuyam, oyunumu oynayıram. Karyeramla bağlı qərarı klub rəhbərliyi verəcək. Harada desələr, orda da çıxış edəcəm. Məsləhət bilsələr, "İnter”də qalacam, əskini istəsələr başqa kluba keçəcəyəm”.
Adı "Qarabağ”la yanaşı hallanan Hüseynov da "İnter”də qalacağını istisna etməyib. O, karyerasını harada davam etdirəcəyini bilmədiyini söyləyib.
Qeyd edək ki, "İnter”in əksər futbolçularının başqa klublara keçidi gündəmdə olsa da, Zaur Axundovun klubun Müşahidə Şurasının sədri təyin edilməsi vəziyyəti dəyişdi. Paytaxt təmsilçisi aparıcı üzvlərini komandada qalmağa razı saldı.