"Bu cür oyunlarda, bu cür meydanlarda ilk növbədə futbolçuların qələbə istəyi, mübarizə əzmi ön plana çıxır. Bu göstəricilərdə rəqib bizi üstələdi". Sportnet.az-ın məlumatına görə, bunu Topaz Premyer Liqasının IV turunun açılış oyununda səfərdə "Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzan "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Gürcüstanlı mütəxəssis bildirib ki, futbolçular onun xəbərdarlığına rəğmən, matça sönük başlayıblar: "Rəqibin 3 oyunda bir xalı var idi. Onlar üçün bu görüş dönüş etmək üçün sonuncu şans idi. Futbolçulara bununla bağlı xəbərdarlıq etmişdim. Təəssüf ki, ilk dəqiqələrdə sönük oyun oynadıq. Rəqib qələbə əzmi sayəsində qalib gəldi".
Tsxadadze komandasının qol imkanlarından yararlana bilməmələrindən də şikayətlənib: "Bir neçə yaxşı qol imkanı yaratdıq, lakin istifadə edə bilmədik. "Xəzər Lənkəran” isə yaratdığı yarımçıq qol epizodundan hesabı aça bildi. Bəzi oyunçularımız eyforiyaya qapılıb, liderliyi tam dərk edə bilməmişik. Bu mövsüm yaxşı heyət qurmuşuq, hər mövqeyə iki futbolçumuz var. Özlərini yaxşı tərəfdən göstərməyən oyunçuların yerinə başqalarına şans veriləcək”.