"Çempionlar Liqasında hər ölkənin çempionları mübarizə aparır. 4-5 ölkə var idi ki, onların çempionları ilə oynamaq istəməzdim, bunlardan biri də Gürcüstan idi. Çünki Gürcüstan futbolu həmişə özünəməxsusluğuyla seçilib. Rəqibimiz də ötən mövsüm çempion olub".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib. Təcrübəli müdafiəçi rəqib "Samtredia"nı yaxşı təhlil edib daha yaxından tanımağa çalışacaqlarını bildirib. Şansları bərabər qiymətləndirən Sadıqov cavab oyununun səfərdə olmasını rəqib üçün üstünlük sayıb: "Samtredia”nın daha bir üstünlüyü odur ki, Gürcüstanda hal-hazırda çempionat davam edir. Bizim komanda isə istirahətdən gəlir və bir çox futbolçumuzun oyuna qədər optimal forma yığması çox çətin olacaq, vaxtımız da azdır. Buna baxmayaraq, əlimizdən gələni edəcək, oyuna yaxşı hazırlaşıb lazım olan nəticəni qazanmağa çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" ilk oyununu Bakıda, cavab görüşünü Tbilisidə keçirəcək.