"Qarabağ"ın Moldovanın "Şerif"i ilə keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununun baş hakimi Sergey Tsınkeviç Bakıya üçüncü dəfə səfər edəcək. Sportnet.az-ın məlumatına görə, belaruslu referi Azərbaycan klublarının avrokuboklarda 4-cü oyununu idarə edəcək.
Tsinkeviç əvvəlcə elə "Qarabağ"ın 2014-2015 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində Malta "Valletta"sı ilə Bakıda keçirdiyi ilk oyunda iş başında olub. 22 iyul 2014-cü ildə meydan sahiblərinin 4:0 hesablı qələbə qazandıqları matçda 41 yaşlı baş hakim qonaqların 2 futbolçusunu meydandan qovub. Eyni zamanda "Qarabağ"ın 1, "Valletta"nın 4 oyunçusu sarı vərəqə alıb.
Növbəti səfər 2016-2017 mövsümündə "Neftçi"nin Makedoniya "Şkendiya"sı ilə Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda keçirdiyi ilk qarşılaşmaya təsadüf edib. 2016-cı il iyulun 14-də Bakıda qolsuz nəticələnən matçda Tsınkeviç meydan sahiblərindən 1, qonaqlardan 2 futbolçuya sarı vərəqə göstərib.
Nəhayət, cəmi 9 gün öncə - iyulun 13-də o, "Zirə"nin Rumıniyada "Astra" ilə oynadığı Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşünün baş hakimi olub. Yerli komandanın 3:1 hesablı qələbə qazandığı görüşdə Tsınkeviç meydan sahiblərinin 1, qonaqların 2 futbolçusuna "sarı" verib.
Tsınkeviç indiyədək Moldova komandalarının heç bir oyununu idarə etməyib.
Qeyd edək ki, "Qarabağ"la "Şerif" arasındakı ilk görüş iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlanacaq.