"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Neftçi”yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Yeni mövsümün başlaması münasibətilə hamını təbrik edirəm. Düşünürəm ki, yeni çempionat daha da maraqlı keçəcək. Çox yaxşı komandaya qarşı oynadıq. Derbi idi. Bu cür görüşdə qalib gəlmək bizim üçün xoşdur. Futbolçuların hər birindən razı qaldım. Bundan sonra "Kopenhagen”lə oyuna hazırlaşacağıq. Bizim üçün vacib görüşdür.
- Kintananın durumu necədi?
- Həmin ayağından zədələndi. Əməliyyat olunan yer deyil. Özü də elə hiss edir. Ayağının bir qədər arxa tərəfindən zədə aldı. Ağrı olduğu üçün davam etdirə bilmədi. Sabah dəqiq biləcəyik.
- "Kopenhagen”in məşqçisi tribunada idi. Bu gün oyun planında nəyisə gizlətdinizmi?
- Biz hələ optimal formada deyilik. İkinci hissədə top itkilərimiz çox oldu. Gizlədəsi bir şey yoxdur. Bütün oyunlarımıza baxırlar. "Neftçi” ilə görüş bizim üçün vacib idi. "Kopenhagen”lə qarşılaşmalarda kiçik dəyişikliklər olacaq. Rəqib fərqli üslubda oynayır. Qarşıdakı günlərdə hazırlığımızı buna uyğun qurmalıyıq.
- Rəşad Sadıqov "Kopenhagen”lə Bakıdakı matça hazır olacaq?
- Hazır olmaq ehtimalı çoxdur. Onun kimi, Miçel və Almeydanın da həmin görüşə hazır olacağını gözləyirik.