Danimarka "Kopenhagen"inin baş məşqçisi Stole Solbakken "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyunu ərəfəsində mətbuat konfransına qatılıb.
Spornet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç barədə fikirlərini bölüşüb...
- Temperatur normaldır. Deyilənə görə, meydanın ot örtüyü də çox yaxşı vəziyyətdədir. Rəqibimiz çox keyfiyyətli komandadır. Ev oyunlarında çox yaxşı çıxış edirlər. Son 3 mövsümdəki nəticələri də bunu sübut edir. Lakin biz də yaxşı nəticə ilə qayıtmaq istəyirik.
- Heyətdəki problemlər "Kopenhagen"ə necə təsir edə bilər?
- Erik Yohanssson zədəlidir, lakin bunu itki hesab etmirəm. Onun yerini dolduran oyunçu var. Əlimizdə olan futbolçularla yaxşı nəticə qazanmağa çalışacağıq.
- "Qarabağ"ın hansı özəlliyi sizi daha çox narahat edir?
- Rəqibin hüçum "üçlüy"ünü qeyd edərdim. Onların hər biri oyunun taleyini həll edəcək futbolçulardır. Lakin biz sabah yalnız onlara qarşı deyil, komandaya qarşı oynayacağıq.
- 1996-cı ildə Norveç millisinin heyətində Azərbaycan yığmasına iki qol vurmuşdunuz və həmin matçda Qurban Qurbanov da iştirak edirdi. Bu oyunu xatırlayırsınız?
- Karyeram boyunca çoxlu qollar vurmuşam, hamısını xatırlaya bilmirəm (gülür). Ancaq həmin qollar yadımdadır. Çünki millidə çıxış etdiyim ilk vaxtlarda vurmuşam. Daha çox 1997-ci ildəki 1:0 hesablı qələbəni xatırayıram. Həmin vaxt mundiala vəsiqə qazanmışdıq.