"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis birbaşa sualları cavablandırıb:
- Artıq III turda əsas rəqibiniz "Qarabağ”a məğlubiyyət sizin motivasiyanıza necə təsir etdi?
- Bu, mənim motivasiyama heç cür təsir edə bilməz.
- Bu gün komandada nə çatışmadı?
- Komandada ustalıq çatışmırdı. Bir də bəzi səhvlərə yol verdik. Ustalıq səviyyəsi elə şeydir ki, futbolçunun "qabında” olmalıdır. Əlbəttə, ustalıq səviyyəsi yaxşı olan futbolçularımız da var.
- Legioner limiti komandanın oyununa necə təsir edir? "Qarabağ”da Mahir Mədətov var, hansı ki, bu oyunda əsas simalardan idi. Ancaq "Qəbələ”də bu cür futbolçular yoxdur...
- Bu problemi həll etmək çətindir. Belə bir imkan görmürəm. Yeganə çarəmiz budur ki, əlimizdə olan gənc futbolçuları inkişaf etdirək.
- Bu gün matçın baş hakimi sərt oyuna şərait yaradırdı. Bu, sizi narahat etmirdi?
- Bu gün hakimlik çox yüksək səviyyədə idi. Məncə, əla idi.
- Komandadan ayrılan Xavyer Ernandes açıqlama verib ki, bilmirəm məni niyə komandaya dəvət etmişdilər. Bu barədə nə deyə bilərsiniz?
- Xavyer Ernandes yaxşı oyunçudur. O, indi başqa komandanın futbolçusudur. Ona, sadəcə, uğurlar arzulayıram.