Vüqar MƏMMƏDOV
"Qarabağ” "Atletiko” ilə oyuna psixoloji cəhətdən yaxşı hazırlaşmışdı. Futbolçuların üz ifadələrindən də bunu görmək olardı. Onlar çox rahat, özlərinə əmin çəkildə meydana çıxdılar və öz oyunlarını sərgiləyərək, istədikləri nəticəni qazandılar.
Amma psixoloji hazırlıq daha çox olsaydı, "Qarabağ” qalib də gələ bilərdi. Sanki komandamız qələbəyə yox, heç-heçə üçün koklənmişdi. Oyundan sonra futbolçularımızın sevinmələri bunu sübut edir. Onlar evdə qazandıqları xala sevinirdilər.
Konkret epizodlara keçək...
Birinci hissədə "Qarabağ” künc zərbəsi vurmaq hüququ qazandı. Amma ötürmə ilə başladı. Bunu başa düşmək olmur. Künc zərbəsidirsə, qaldır getsin qapıniın ağzına, orda oyunçulardan kimsə topa "başını soxa” bilər. Bundan başqa topun qapı ağzına ötürülməsi rəqibi təzyiqdə saxlayır. Yoxsa geriyə pas, sonra da topun itirilməsi... Qapı qarşısına havalandırılan top nə qədər pis olsa da, geriyə ötürmə verib itirməkdən yaxşı olardı.
Birinci hissəni "Qarabağ” daha çox hücum edirdi, amma real qol vəziyyəti yarada bilmirdi. Bu da başadüşüləndir. Çünki "Atletiko”nun səviyyəli oyunçularından ibarət möhkəm müdafiəsini "jim”lə yarmaq "Qarabağ”ın ortabab səviyyəli oyunçuları üçün demək olar ki, mümkünsüz idi. Bu səbəbdən, ən ideal variant rəqibi sürətli əks-hücumda yaxalayıb qol fürsəti axtarmaq olardı ki, komandamız bunu ikinci hissədə etdi. Lakin qol epizodları yaratsalar da, azacıq dəqiqlik çatmadı.
Dino Ndlovuya göstərilən qırmızı vərəqəyə gəlincə, bu epizodu penalti kimi dəyərələndirmək olar. Ən azı simulyasiya yox idi. Yəni, Ndlovu toxunuşdan sonra yıxılmışdı. Təbii ki, belə epizodda vərəqə göstərmək haqsızlıqdır. Bir neçə il öncə İtaliya "İnter”i ilə oyunda da "Qarabağ”a haqsızlıq olmuşdu. Ümumiyyətlə, Qarabağ adındakı "qara” sözündən, ya nədəndirsə, bu ada qarşı həmişə haqsızlıq olur. 20 ildən çoxdur qarabağlılar haqsız şəkildə öz torpaqlarından ayrı düşüb, amma kimsənin vecinə deyil.
Siz "Google Earth”da "Qarabağ”ın təmsil etdiyi Ağdam şəhərini axtarıb tapın. Tapa bilsəniz, orada böyük şəhərin xarabalıqlarını görəcəksiniz. Bu, bəşəri cinayətdir. XXI əsrin astanasında, yəni, sivil dünyada baş vermiş cinayət! Amma bu haqsızlıq, bu cinayəti dünya görmür.
"Qarabağ” klubu da tez-tez haqsızlıqla üzləşir. Amma qarşısındakı sədləri çətinlıklə olsa da, yarmağı bacarır.
Bu dəfə haqsızlıq "Qarabağ”ın qaradərili futbolçusuna edildi. Özü də "qara qüvvələr” tərəfindən...
Hər dəfə "Qarabağ” çətin maneələri aşdıqca, "qara qüvvələr”ə sinə gərdikcə, bizim Qarabağın qayıdacağına olan inamımızı, ümidlərimizi artırır.
Təşəkkürlər, "Qarabağ”!