"Qarabağ”ın hər iki oyunda "Atletiko”ya uduzmaması mənim üçün gözlənilməz olmadı”.
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını şərh edərkən deyib.
Təcrübəli mütəxəssis bildirib ki, "Qarabağ” ilk turda İngiltərədə "Çelsi”yə 0:6 hesabı ilə uduzsa belə, bundan nəticə çıxarıb. Onun sözlərinə görə, Ağdam təmsilçisi oyundan-oyuna daha yaxşı çıxış edir: "İngiltərədə erkən vurulan qollar komandanı ruhdan saldı. Lakin həmin matçdan sonrakı dinamikanı izləsək, baş məşqçi və komandanın düzgün təhlil apardığını və həmin məğlubiyyətdən nəticə çıxardığını görərik. Bəlkə də fərqli yanaşma üçün bu yenilgiyə ehtiyac vardı. Təsadüfi deyil ki, "Roma”, ardınca "Atletiko” ilə görüşlərdə tam fərqli "Qarabağ” gördük. Komanda oyundan-oyuna "artırdı”.
V.Sadıqov hesab edir ki, "Qarabağ” noybarın 22-də Bakı Olimpiya Stadionunda "Çelsi”yə qarşı keçirəcəyi oyunda 3 xal qazana bilər. O, fikrini belə əsaslandırıb: "Əminlikə deyirəm ki, "Qarabağ” "Çelsi” ilə matçda qələbəyə oynayacaq. Azarkeşlərin dəstəyi ilə bunu bacaracağımıza inanıram. Müasir futbolda hər cür nəticə qeydə alınır. "Çelsi” ilə Londondakı oyundan sonra nə düşünürdük, bu gün nə fikirləşirik? İndiki reallıq nikbin olmağa əsas verir. "Qarabağ”ın Madriddə "Atletiko”nun başına hansı oyunu açdığını nəzərə alsaq, komandamızın ən azı Avropa Liqasına düşəcəyini gözləməliyik. Turnir cədvəlində geridə olsa da, indiki durumda "Atletiko”dan bir addım öndədir”.
Qeyd edək ki, 4 turdan sonra "Roma” 8 xalla C qrupunun lideridir. "Çelsi” komandasının 7, "Atletiko”nun 3, "Qarabağ”ın isə 2 xalı var. İlk iki yeri tutan kollektivlər 1/8 finala yüksələcəklər. Üçüncü yerin sahibi isə mübarizəni Avropa Liqasında davam etdirəcək.