"Futbolçular meydanda əziyyət çəkdiyi kimi, biz də kənarda əziyyət çəkirdik. Səhvlər çoxdur. Bu səhvlər üzərində çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Samir Ələkbərov evdə Almaniyaya 0:7 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə qrup oyunundan sonra mətbuat konfransında deyib. Ələkbərov jurnalistlərin suallarını da cavablandırıb...
- Komanda sanki bu gün çox istəksiz görünürdü. Sizə elə gəlmirmi ki, komandada motivasiya çatmırdı?
- Məncə, istək var idi. Komanda oyuna hazırlaşmışdı. İlk oyunda 1:6 hesabı ilə uduzmuşduq. İlk dəqiqədə qol buraxmağımız oyunumuza təsir etdi. Ola bilsin, bu qol uşaqları həvəsdən saldı.
- Rəhbərliyiniz altında komanda iki oyunda 13 qol buraxdı. Daha öncə Yaşar Vahabzadənin köməkçisi kimi bu millinin potensialına bələd idiniz. Düşünmürsünüz ki, baş məşqçi vəzifəsinə keçməyiniz səhv addım idi və buna peşman deyilsiniz?
- Kimsə bu yükün altında girməli idi. Təəssüflənmirəm.
- Oyundan öncə belə xəbərlər yayılmışdı ki, milli üzvləri Almaniya ilə matçda 3-dən çox qol buraxacağımıza pul qoyuluşu ediblər...
- Uşaq da bilərdi ki, Almaniya ilə oyunda üçdən çox top buraxa bilərik. Belə şey ola bilməz. İnanmıram.
- Sanki Renat Dadaşov Almaniyaya qarşı ümumiyyətlə, oynamaq istəmirdi...
- Məşqçilər də onun oyunundan narazı qaldı. Onu böyük ümidlərlə milliyə gətirmişdik. Ümumiyyətlə, təkcə o yox, hamı çox zəif təsir bağışladı.
- Millinin yeni baş məşqçisi Qurban Qurbanovla danışmısınız?
- Onunla yalnız Ramil Şeydayev barədə danışmışam. Daha sonra o, mənə, mən də ona uğurlar arzuladıq.
- Kosova ilə oyunda ciddi dəyişikliklər gözlənilir?
- Gözlənilməsə belə, artıq olmalıdır. Paltardəyişmə otağı xətəxanaya çevrilib. Bir çox oyunçu zədələnib. Elnur Cəfərov, Renat Dadaşov, Bəhlul Mustafazadə əzələsini dartıb. Buna görə, Kosova ilə matçda çox güman ki, dəyişikliklər olacaq.
- Renat Dadaşov dəqiq zədələnib, yoxsa özü oynamaq istəmir?
- Bəli, əzələsini dartıb.