"Zirə"nin futbolçusu Təmkin Xəlilzadə səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XII tur matçından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi Sportnet.az-ın da suallarını cavablandırıb...
- "Neftçi" ilə çətin oyundan sonra bu matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu. "Keşlə" ilə qarşılaşmanı ən çətin səfər görüşü sayırdıq. Çünki bu rəqiblə sınaqlarda həmişə çətinliklə üzləşirdik. Amma hazırda komandamız yaxşı vəziyyədə, formadadır. Hamımız bir ailə olaraq, matça çox ciddi hazırlaşmışdıq. Sevinirik ki, istəyimizə nail olduq.
- Oyunun sonlarına doğru "Keşlə" tempi artırmışdı...
- Bu, normal və gözlənilən haldır. Öndə olduğumuzdan, hesabı qorumağa çalışır, əks-hücumlara bel bağlayırdıq. Komanda şəklində yaxşı müdafiə olunurduq. "Keşlə" isə təzyiqi artırmalı idi. Bu, həm evdə oynadıqlarından, həm də uduzmaq istəmədiklərindən irəli gəlirdi. Uşaqlar əla müdafiə olunaraq, qələbəyə nail oldular.
- Bu oyunda İlkin Qırtımovla aranızda gərgin mübarizə getdi. Əvvəllər də rəqib futbolçuların sənə qarşı sərt oyunlarının şahidi oluruq. Bunlar nə ilə bağlıdır?
- Hiss edirəm. Amma biz özümüzü psixoloji olaraq da belə hallara hazırlayırıq. Futbolda zədə də, cəza da var. Düzdür, ən çox qayda pozuntusu mənə qarşı olur. Amma bacardığım qədər sakitliyi qorumağa çalışıram. Amma məni niyə vurduqlarını bilmirəm.
- Sənə elə gəlmirmi ki, qol imkanlarından yararlana bilməməklə, "Keşlə" ilə səfər oyununu elə özünüz çətinləşdirdiniz?
- Mənim də, Viktor İqbekoyinin də epizodları oldu. Həmin imkanlardan yararlansaydıq, ikinci hissə bəlkə də daha fərqli ola bilərdi. Amma çempionatda asan rəqib yoxdur. Amma "Keşlə" ilə qarşılaşmalarımız sanki alınmır. Bu qələbəyədək ardıcıl 5 görüşdə 1:1 hesablı heç-heçə olmuşdu. Ona görə də bu görüşü çətin səfər adlandırdım. Amma ümumilikdə bütün oyunlarımız çətin keçir.
- Sanki digər rəqiblər mübarizə aparır, "Zirə" isə özü üçün irəliləyir. Bu baxımdan, komandanızın hətta ikinci yeri tuta biləcəyini gözləmək olar?
- Desək ki, qarşımıza çempionluq məqsədi qoymuşuq, özümüzü aldatmış olarıq. Bizim sırf çempionluq və ya vitse-çempionluq məqsədimiz yoxdur. Sadəcə, hər oyunda vuruşmağa, ən pis halda uduzmamağa çalışırıq. Kimin neçənci yeri tutacağına isə çempionatın sonlarında aydınlıq gələcək. Bu gün ikinci yerdəyiksə, deməli, doğru yoldayıq. Bu mövqeyi qorumaq, daha da irəli baxmaq lazımdır. Hər oyuna maksimal hazırlaşırıq.
- Qurban Qurbanovun təyinatı ilə bağlı nə düşünürsən?
- Öncə Qurban müəllimi təbrik edirəm. Bu, futbolumuz naminə çox yaxşı addımdır. Fikrimcə, nəticələrimiz, uğurlarımız olacaq. Milliyə dəvət almağımı sırf baş məşqçi ilə yox, özümlə bağlayıram. Futbolçu formada olduqdan sonra istər-istəməz yığmaya dəvət olunacaq. Milliyə çağırılma şanslarımın 80 faizi məndən asılıdır. Yaxşı oynasam, məşq etsəm və formada olsam, düşünürəm ki, dəvət alacağam.
- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsınız. Bu görüşdən nə gözləyirsiniz?
- "Keşlə" ilə görüşdən sonra da dedik ki, bu qələbəni unuduruq, elə burada qalır. Bu gündən "Qarabağ"la oyuna hazırlaşacağıq. Bizi bəlkə də çox çətin oyun gözləyir. Rəqibin təqdimata ehtiyacı yoxdur. "Qarabağ" son 4 ilin çempionudur, Çempionlar Liqasının qrup mərhələsində çıxış edir. Bununla belə, evdə oynayacağıq. İstədiyimiz nəticəni qazanacağımıza ümidvaram.
- Adın tez-tez "Qarabağ"la birgə hallanır. Qışda və ya mövsüm bitdikdən sonra bu kluba keçidin baş tuta bilər?
- Mən də belə fikirləri, söz-söhbətləri ordan-burdan oxuyur, eşidirəm. Lakin hazırda belə bir məsələ yoxdur. Çempionatın gedişində beynimi bu cür söhbətlərlə yormaq istəmirəm. Hazırda "Zirə" ilə mövsümün sonunadək müqaviləm var. Buradakı işimi tamamlayaraq, mövsümün sonunda rəhbərliklə masa arxasında oturacağıq. Xeyirlisi nədirsə, o da olar. Amma bu gün fikrim "Zirə"dədir.