Çempionlar Liqasının qrup mərhələsinin V tur matçında üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları oyunöncəsi son məşqi görüşün keçiriləcəyi Bakı Olimpiya Stadionunda (BOS) etməyəcəklər.
Bu barədə Sportnet.az-a BOS-un direktoru Cavid Qarayev məlumat verib. C.Qarayevin sözlərinə görə, bu addım arenanın ot örtüyünü qorumaq məqsədilə atılmayıb. Direktor, əksinə, meydanın vəziyyətinin ideal səviyyədə olduğunu vurğulayıb. Onun fikrincə, hər iki komanda açıq məşqi taktiki tapşırıqlarını bir-birilərindən gizlətmək üçün başqa stadionlara salıb.
Qeyd edək ki, "Çelsi"nin açıq məşqi noyabrın 21-də saat 15:00-da "Bakcell Arena"da, "Qarabağ"ınkı isə saat 17:40-da "Azərsun Arena"da olacaq. Əvəzində Meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov saat 13:30-da, onun rəqib həmkarı Antonio Konte isə saat 18:30-da Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirəcəklər.