"Qarabağ” komandası tarixində ilk dəfə vəsiqə qazandığı Çempionlar Liqasının qrup mərhələsində son ev oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi İngiltərə çempionu "Çelsi”ni qəbul edib. Meydan sahibləri "Atletiko" ilə əvvəlki iki oyunda olduğu kimi, yenə qırmızı vərəqə alaraq, azlıqda qalıblar. 19-cu dəqiqədə portuqaliyalı referi Manuel De Souza Rəşad Sadıqovun rəqibin hücumunun qarşısını kəsdiyini səbəb göstərərək, "Qarabağ"ın qapısına penalti təyin edib, kapitanı isə meydandan qovub. Eden Azar penaltini dəqiq yerinə yetirib.
10 oyunçu ilə qalan Ağdam komandasının güclü rəqibə müqaviməti demək olar ki, bununla tükənib. 36-cı dəqiqədə Villian "Çelsi"nin növbəti qolunu vurub.
Daha 2 qol isə fasilədən sonra qeydə alınıb. 73-cü dəqiqədə baş hakim yenidən "Qarabağ"ın qapısına penalti təyin edib. Bu dəfə o, Maksim Medvedevə sarı vərəqə göstərib. Sesk Fabreqas da penaltini dəqiq yerinə yetirib. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə "dubl" edən Villian qoyub.
Beləliklə, "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. "Çelsi" isə xallarını 10-a çatdıraraq, 1/8 finala vəsiqəni təmin edib. C qrupunun digər görüşündə "Atletiko" İspaniyada İtaliya "Roma"sına qalib gəlsə, Azərbaycan təmsilçisi Avropa Liqasına vəsiqə şanslarını da itirib.
Çempionlar Liqası
V tur, C qrupu
22 noyabr
21:00. "Qarabağ” (Azərbaycan) - "Çelsi” (İngiltərə) - 0:4
Qol: Eden Azar, 21-penalti ilə. Villian, 36; 85. Sesk Fabreqas, 73-penalti ilə
Qırmızı vərəqə: Rəşad Sadıqov, 19 ("Qarabağ")
Baş hakim: Manuel De Souza
Baş hakimin köməkçiləri: Alvaro Mesquita, Rikardo Santos
Dördüncü hakim: Nuno Pereyra
Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu