Portuqaliyalı hakimlər klublar, məşqçilər və futbolçular onların işi ilə bağlı hədsiz şikayətlərini davam etdirəcəkləri təqdirdə tətilə başlayacaqlarını bildiriblər.
Sportnet.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Hakimləri Assosiasiyasının (PFHA) yaydığı bəyanatda deyilir. Hakimlər onların müəyyən klubların maraqlarını güdməsi və ya korrupisya sxemlərində iştirak etməsinə dair "böhtanlar"a daha dözmək fikrində deyillər.
Onlar, həmçinin matçın rəsmi şəxslərinin mühafizəsi üçün tətbiq edilən etik və intizam qaydalarını pozanlara qarşı cəzaları güclədirmək niyyətindədirlər.
Assosiasiya tətilə dekabrın ortalarından başlayacaqlarını bildirib.
Qeyd edək ki, Manuel De Souzanın rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadası Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ın İngiltərənin "Çelsi" komandasına 0:4 hesabı ilə uduzduğu oyunu idarə edib. De Souza Azərbaycan klubunun qapısına 2 penalti təyin etməklə yanaşı, kapitan Rəşad Sadıqovu meydandan qovub. Nəticədə onun hakimliyi ciddi etirazla qarşılanıb.