"Neftçi"nin futbolçusu Daniel Seqoviya evdə "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Uzun fasilədən sonra yaşıl meydana qayıtdın. Son saniyələrdə də olsa, meydanda oldun. Təəssüratlarını bilmək maraqlı olardı...
- Əlbəttə, sevinirəm ki, yenidən meydana döndüm, az da olsa, oynadım. Öz üzərimdə işləyir, çalışıram. Hər dəfə baş məşqçinin verəcəyi şansı gözləyirəm. Ümid edirəm ki, növbəti oyunlarda meydanda daha çox vaxt qazanaram.
- Uzun müddətdir ehtiyatda qalmağını nə ilə izah edərdin? Əvvəlki baş məşqçinin vaxtında oynayan Danil Seqioviya niyə Tərlan Əhmədovun gəlişindən sonra heyətdən kənarda qaldı?
- Heç vaxt bu haqda düşünmürəm ki, bu, nədən belə ola bilər. Bu, baş məşqçinin qərarıdır. Mən isə bir futbolçu olaraq öz üzərimdə işləyirəm, məşqlərimi davam etdirirəm. Mən peşəkaram. Peşəkar isə hər yerdə peşəkar olmalıdır. Bu, istər meydanda, istərsə də ondan kənarda olmalıdır. Hansı klubda olmuşam, çalışmışam ki, həmişə özümü peşəkar kimi aparım. "Neftçi"də də həmçinin. Kim oynayacaq, kim oynamayacaq, bu qərarı həmişə baş məşqçi verir. Biz də bir futbolçu olaraq, öz üzərimizə düşəni etməliyik. Sonda da qərarı verən baş məşqçi olur.
- Ancaq uzun müddət ehtiyatda qalmaq futbolçunu formadan salır. Hazırda özünü bu baxımdan necə hiss edirsən? "Neftçi"yə kömək etmək gücdəsənmi?
- Əlbəttə, oynamadıqca oyun ritmindən düşürsən. Ola bilsin, məndə də belə şey baş bilər. Ancaq buna baxmayaraq, oyun ritmini bərpa etmək çətin iş deyil. Təbii ki, peşəkarsansa, hər gün yaxşı məşq edirsənsə.
- Qış fasiləsi yaxınlaşır və "Neftçi"dən göndəriləcək futbolçular arasında sənin də adın hallanır. Bu haqda nə düşünürsən? İl başa çatandan sonra "Neftçi"dən gedişin gözlənilir?
- Əlbəttə, futbolda belə hadisələr baş verə bilər. Peşəkar futbolçusansa, səbr etməli və baş məşqçidən şansı gözləməlisən. Mən də bunu gözləyirəm. Bilmirəm ki, bu gün, sabah, yoxsa 1 ay sonra gələcək. Nə vaxt gələcəksə, bu şansımdan maksimum istifadə etməyə çalışacağam. Müqaviləmin sonunadək qalıram və komandamın uğurları üçün çalışacağam.
- Müqavilən cari mövsümün sonunda başa çatır. Belə çıxır ki, qış fasiləsində "Məni icarəyə verin, özümə klub tapmışam, müqaviləni pozaq" kimi düşüncələrdə olmayacaqsan?
- Mən "Neftçi"yə ötən mövsümün ortasında gəldim. Ondan başlayaraq həmin çempionatın sonunadək 23 xal topladıq. Bu qədər xalın toplanılmasında 5 qolla mənim də payım oldu. Düzdür, bu mövsümün gedişində yeni baş məşqçi gəldi. Hamı çalışır ki, özünü yaxşı tərəfdən göstərsin. Mən də həmçinin. Əlimdən gələni edirəm ki, baş məşqçi mənə oynamağa şans versin. Bu şansı gözləyirəm. Hər gələn şansı layiqincə dəyərləndirəcəyəm. Qışda da buradan hər hansı yerə getməyi fikirləşmirəm. Çünki "Neftçi"də hələ sözümü demək istəyirəm.
- Mətbuatda Seqoviya haqda söhbətlər belədir ki, klubda ən çox maaş alan futbolçudur, ancaq bunun qarşılığını verə bilmir, əsas heyətə düşmür, faydalı deyil. Bu kimi söhbətlər gəlib sənə çatıbmı?
- Medianı elə də yaxından izləmirəm. Sadəcə, mətbuatda hansısa şəklim çıxanda həyat yoldaşım onları çıxardır, yaddaşda saxlayır. Fikir vermirəm ki, haqqımda pozitiv, yoxsa neqativ şey yazılıb. Sadəcə, fotoma görə saxlayırıq, kolleksiya yaradırıq. "Neftçi"də 2018-ci il mayın sonuna kimi müqaviləm var. Qazandığımın haqqını meydanda verməyə çalışıram. Yeni mövsümdə o qədər şans qazanmamışam. Ancaq meydanda olanda qazandığımın haqqını verirəm. Futbol belədir, işlərin yaxşı gedəndə hamı səni tərifləyir, uğursuzluq olanda hamı başlayır haqqında pis danışmağa. Həvəsdən düşməyəcəyəm. Bundan sonra da yaxşı məşqlər etməyə çalışacağam.
- Deyirsən ki ötən mövsümün qış fasiləsindən sonra 23 xal topladıq və çempionatın sonunda müsahibə verərkən, yeni mövsümdə bundan yaxşı olacağını vurğulamışdınız. Artıq çempionatın birinci dövrəsi yekunlaşır və Neftçi cəmi 16 xal toplayıb. Son oyunda qələbə qazansanız, xal sayı 19 olacaq. Bəs dediyiniz göstəricini təkrarlamağa nə mane oldu?
- Futbolda belə şeylər hər yerdə olur. Hətta böyük klublar çempionatın startında itirdikləri xallları sonra qazandıqları oyunlarda bərpa edə bilmirlər. Biz çempionata pis başladıq, məğlubiyyətləri sıraladıq. Sonradan yeni baş məşqçi gəldi, komandanı pis vəziyyyətdən çıxara bildi. Artıq 5 qələbəmiz var. Növbəti oyunlara da 3 xal üçün çıxacağıq.