"Qəbələ"nin futbolçusu Filip Ozobiç səfərdə "Kəpəz"i 6:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XIII tur matçından sonra Gəncəyə ezam olunmuş jurnalistlər üçün brifinq keçirib. Sportnet.az xorvatiyalı yarımmüdafiəçinin müsahibəsini təqdim edir...
- Uzunmüddətli zədədən sonra ilk oyununa çıxdın. Meydanda olduğun yarım saat ərzindəki çıxışını necə dəyərləndirərdin?
- Zədəmi bərpa etdikdən sonra ilk oyunuma çıxdım. Heç bir problem yaşamadım. Ən əsas məsələ də budur.
- Hazırda optimal formada olduğunu düşünmək olar?
- Xeyr, hələ 100 faiz hazır deyiləm. Bu, yalnız birinci oyunum idi. Amma artıq ağrılarımın olmaması sevindirici haldır.
- Hamı deyir ki, Ozobiçsiz "Qəbələ" əvvəllər gördüyümüz komanda deyil. Əvvəlki oyunu görməyimiz üçün formanı nə zaman bərpa edəcək?
- Yəqin ki, qış təlim-məşq toplanışından sonra 100 faiz formada olacağam. Hazırda əsas məqsədim komandama bacardığım qədər faydalı olmaqdır. Heyətdə yaxşı formada olan oyunçularımız var. Ən əsası, qalib gəldik. Qarşıda "Mil-Muğan"la ölkə kubokunun 1/8 final matçı var. Daha sonra Premyer Liqada ilin sonuncu qarşılaşmasında "Keşlə"ni məğlub etməliyik.
- Qış toplanışındakı yoxlama oyunları optimal formanı yığmağın üçün nə qədər faydalı olacaq?
- Əminəm ki, toplanışdan sonra 100 faiz hazırlıqlı və 90 dəqiqəni yüksək səviyyədə keçirməyə qadir olacağam.
- Lider "Qarabağ"ı keçməyiniz realdır?
- Əlbəttə. Hələ qarşıda çoxlu oyun var. Hər şey ola bilər. Birinci yeri tutmaq istəyirik.
Təbriz QULİYEV