Vüqar MƏMMƏDOV
O məğlubiyyətin üstündən artıq bir sutkadan çox keçib. Əsəblər, emosiyalar dünənki kimi deyil. Amma hər şey dəyişsə belə, hesab dəyişmir. Təbii ki, 1:8 "Neftçi” kimi köklü kluba yaraşan nəticə sayıla bilməz. Amma gəlin, tənqidləri bir kənara qoyaraq, səbəbləri soyuq başla araşdıraq...
Əvvəla, bu, bir yoldaşlıq görüşü idi. Yoldaşlıq görüşü eksperimental xarakterli olur. Oyunçular müxtəlif mövqelərdə oynadılır, yenilər sınaqdan keçirilir, ehtiyatda qalanlara özlərini göstərmək üçün şans verilir və s. Belədə adətən, məşqçilər hesaba çox da fikir vermirlər. Əsas diqqət oyunçuların ayrı-ayrı epizodlarda özlərini necə aparmalarına yönəlir.
İkincisi, hava şərtləri "OİK-Xabarovsk” üçün çox əlverişli idi. Belə iqlim şəraitində onlar özlərini suda balıq kimi hiss edirdilər. Uzaq Şərq üçün yağıntılar xarakterikdir.
Üçüncüsü, erkən qol və qollar buraxmaq komandanı əməlli başlı sındırdı. "Peşəkar klub sınmamalıdır” fikri isə ayrı mövzudur.
Dördüncüsü, rəqib Rusiya Premyer Liqası təmsilçisi idi. Liqalararımızı müqayisə etsək, təbii ki, "onlarınkı döyər". Necə ki döydülər də... UEFA-nın klub əmsalları cədvəlinə baxsaq, Rusiya "böyük beşlik”dən sonrakı, altıncı yerdədir. Azərbaycan isə "Qarabağ”ın sayəsində 24-cü. Düzdür, "OİK-Xabarovsk hazırda Rusiya Premyer Liqasında sonuncudur, amma "Neftçi” də Azərbaycan Premyer Liqasında birinci yerdə deyil.
Beşincisi, xabarovsklılara yeni baş məşqçi təyin olunub ki, bu da yeni taktiki anlayış və təzə qandır. Rinat Bilyaleddinov uzun müddət Rusiya futbolunun liderlərindən olan "Lokomotov”də, "Rubin"də çalışıb və deməli, səviyyəsi var. İkinci dövrədə inanmıram ki, Xabarobsk klubu sonuncu yerlə barışsın.
Altıncısı, "OİK-Xabarovsk” birinci dövrədə 12 xal yığan komanda deyil və xeyli gücləndiyi dəqiqdir. Həm də bir məsələni nəzərə almaq lazımdır ki, Xabarovsk Uzaq Şərqdə yerləşir. Daim 8 - 10 saatlıq səfər uçuşları komandanın oyununa mənfi təsir etməyə bilməz. Bura saat qurşaqlarındakı fərqi də əlavə etmək lazımdır. Rusiyanın Avropa hissəsində axşam düşəndə Xabarovskda səhər açılır.
Bütün bunlar Rusiya çempionatında çıxış edəndə futbolçuların oyununa mənfi təsir etir. Yəni, bu komandanın Rusiya çempionatında 20 turdan sonra axırıncı yeri tutmasında obyektiv amillərin rolu az deyil. Deməli, "OİK-Xabarobsk”ın "Neftçi”yə qalib gəlməsində Rusiya çempionatının bizimkindən qat-qat üstün olmasını da səbəb kimi saymaq olar.
Yedinci və səkkizincisi, baş məşqi Tərlan Əhmədovun qeyd etdiyi səbəblər: "Heyətlə bağlı ciddi çatışmazlıq vardı - 21 yaşadək futbolçulardan ibarət milli komandamızda olan, eyni zamanda müəyyən səbəblərdən bu oyunda iştirak edə bilməyən digər əsas heyət üzvlərimizin yeri görünürdü. Digər tərəfdən, rəqib artıq Antalyadakı təlim-məşq toplanışını bitirir, bizim isə ilk oyun idi".
"Neftçi”nin qarşılaşdığı rəqibin özündən güclü olması dəqiqdir. Amma istənilən halda bu, 1:8-ə bəraət qazandırmır. Eksperimental xarakterli oyun olsa belə...