
"Yaxşı oyun alındı. Azarkeşlər 4 qol izlədilər. Sona kimi oyun intizamını qoruyan futbolçularımdan razı qaldım". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" üzərində 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O bildirib ki, flaqman uduzsa da, yaxşı oyun göstərib: "Neftçi”nin yaxşı oyunçuları çoxdur. Onlar imkanlardan istifadə edə bilirlər. "Neftçi” bu gün məğlub olsa da, yaxşı oyun göstərdi".
Almeydanın zədəsinin ciddi olmadığını söyləyən Qurbanovun fikrincə, braziliyalı yarımmüdafiəçinin ağrıları çox olsaydı, oyuna davam edə bilməzdi. 42 yaşlı mütəxəssis İtaliyada "İnter"lə oktyabrın 2-də keçirəcəkləri Avropa Liqasının II tur matçı barədə də danışıb: "Bizi çətin oyun gözləyir. "İnter"ə qarşı ən azı layiqli mübarizə aparacağıq”.