Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq - Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində Azərbaycan millisinin Fransa yığması ilə keçirdiyi oyundan sonra affa.az-a açıqlama verib. Sportnet.az-ın məlumatına görə, deputat qarşılaşmanın gərgin keçdiyini bildirib.
O, oyunu həyəcanla izlədiklərini söyləyib:
"Biz də çox həyəcanlı idik, oyun da kifayət qədər həyəcanlı, gərgin keçdi. Millimizin yer aldığı qrupda bizdən əvvəl Fransa və İspaniya komandaları qarşılaşmışdı. Fransanın güclü İspaniya ilə 4:4 hesablı heç-heçə etməsindən sonra əksəriyyət millimizin necə oynayacağını, hansı nəticəni qazanacağını düşünürdü".
Əliyevin fikrincə, düzgün strategiyanın seçilməsi nəticənin uğurlu alınmasında və millimizin 5:3 hesablı qələbəsində başlıca rol oynayıb: "Artıq Azərbaycan milli komandası elə bir mərhələyə çatıb ki, heç bir rəqibdən çəkinmək, qorxmaq mümkün deyil. Futzalçılarımız öz oyunlarını göstərdilər, həyəcanlı anlar yaşatsalar da, inamlı qələbə qazandılar. Bugünkü qələbə İspaniya ilə oyunda daha yaxşı çıxış edəcəyimizə inam yaratdı. Komandamız ikinci oyunun nəticəsindən asılı olmayaraq, artıq ¼ final mərhələsinə vəsiqə qazanıb. Təbii ki, bunun özü böyük bir nailiyyətdir. Bu uğurun əldə edilməsinə görə, AFFA və Azərbaycan Futzal Federasiyasının rəhbərliyinə təşəkkür edirik. Yaxşı oyuna görə azarkeşlərimiz bizi, biz də qazanılan nəticəyə və komandamızı daim dəstəklədiklərinə görə, onları təbrik edirik”.