"İlk dəqiqələrdə həyəcan var idi. Buna baxmayaraq, üstünlüyü əldən vermədik və tezliklə istəyimizə nail oldu. Adi bir səhvdən sonra hesab bərbərləşdi. Düzdür, ikinci hissənin əvvəlində rəqib hesabı xeyrinə dəyişə bildi. Lakin bu bizi ruhdan salmadı".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının kapitanı Rizvan Fərzəliyev Avropa çempionatında Fransanı 5:3 hesabı ilə yendikləri matçdan sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib. Təcrübəli oyunçu bildirib ki, hesabda geri düşdükləri vaxt da uduzacaqlarını düşünməyiblər: "Bilirdik ki, rəqibi bütün komponentlərdə üstələyəcəyik. Qoldan sonra vaxtımız çox idi. İkinci hissənin cəmi 5 saniyəsi oynanılmışdı. Məğlub durumda olanda belə, oyunu uduzacağımızı düşünmürdük. Çünki fikrimizdə ancaq qələbə qazanmaq var idi”.
Kapitan fevarlın 4-də İspaniya ilə keçirəcəkləri oyuna da toxunub. O, güclü rəqibə qarşı da yaxşı mübarizə aparacaqlarını vurğulayıb: "Soyuqqanlılıqla mübarizə aparacağıq. Qarşımıza minimum tapşırıq qoyulmuşdu ki, qrup mərhələsindən ¼ finala yüksələk. Artıq minimum tapşırığın öhdəsindən gəlmişik. İndi növbəti mərhələyə qrup lideri və ya ikincisi kimi yollanacağımıza aydınlıq gətiriləcək. Rəqibin zəif tərəflərini öyrənəcəyik və çalışacağıq ki, bunun üzərində işləyək”.