Topaz Premyer Liqasının 17-ci turunda doğma meydanda "Sumqayıt"a 1:2 hesabıyla məğlub olan "Keşlə"nin futbolçusu Pərdis Fərcad-Azad oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportneta.az-ın məlumatına görə, hücumçu öncə oyun haqda fikirlərini söyləyib:
- "Sumqayıt" layiqli qələbə qazandı. Çətin oyun idi. Rəqibimiz çox yaxşı oynadı.
- Ehtiram Şahverdiyev solo ifa edərək Rəşad Eyubova məhsuldar ötürmə verdi. İkinci qolun qarşısını almaq niyə mümkün olmadı?
- Bilmirəm. Son dəqiqələrdə qol buraxanda daha çox məyus olursan. Nə etmək olar? İrəli baxmalı və növbəti oyunları düşünməliyik.
- İkinci hissədə Andre Klennon da oyuna daxil oldu və hücum xəttində 2 forvardla mübarizə apardınız. Amma yenə də irəli xətdə komanda dişsiz görünürdü...
- İkinci hissədə "Sumqayıt" təzyiqi artırırdı. Buna görə də iki hücumçuyla oynamağa qərar verdik. Biz sırf olaraq iki hücumçu ilə oynamadıq. Mən Klennonun arxasında çıxış edirdim.
- Fasilədən sonra 3 oyun keçirmisiz və bu matçlardan 4 xalla ayırlmısız. Bu nəticələri necə qiymətləndirirsən?
- Komandamızda hər şey yaxşıdır. Heyətimizdə yeni futbolçular var. Onlara vaxt lazımdır ki, adaptasiya olsunlar. İnanıram ki, bundan sonra daha yaxşı olacaq.
- İlk dəqiqələrdə penaltidən qol buraxmaq komandaya necə təsir göstərdi?
- İndividual səhvdi, hamı edə bilər. Qol buraxdıqdan sonra təzyiqi artırdıq və bərabərlik qolunu vurduq.
- Razılaşırsan ki, Ebrima Sohna "Keşlə”yə güc qata bilmir?
- Oyunda səhvlər oldu. Ebrima yaxşı futbolçudur, məşqlərdə çox çalışır. İnşallah faydası olar.
- "Sumqayıt”la ölkə kubokunun yarımfinalında da üz-üzə gələcəksiz…
- Bu oyunda uduzduq, ancaq kubokda mərhələni biz keçəcəyik. Mövsümün ən vacib görüşüdü. Düzdü, çempionat oyunları da vacibdi. Lakin kubokdakı oyun daha xüsusidir.